Dəyişkən hava kimlərə pis təsir edir?
Havanın dəyişkənliyi insanlara fərqli təsir göstərir və bundan hər üç nəfərdən biri şikayət edir. İnsan hər zaman təbiətlə həmahəng olur: yağan yağış, axan çaylar, çıxan günəş onun əhvalına və fiziki durumuna təsirsiz ötüşmür. Lakin bununla birlikdə təbiət hadisələrinə daha həssas olan insanlar var.
Həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib ki, havanın dəyişməsi insan orqanizminə bilavasitə təsir göstərən xarici mühit amillərindəndir: "Həmin təsir nəticəsində sinir sistemində və bununla əlaqədar olaraq mərkəzi və vegetativ sinir, eyni zamanda, immun sisteminin qoşulması orqanizmdə bir sıra dəyişikliklərin yaranması ilə nəticələnir. Xroniki və hipertoniya xəstəliyi olanlar daha çox meteohəssas olur”.
Meteohəssaslıq əsasən özünü bir neçə saat davam edən baş ağrıları, pis əhval-ruhiyyə, tez yorulma və zəiflik əlamətləri ilə göstərir. Bütün bunlara isə güclü külək, qar, yağış, maqnit qasırğası və günəşdə olan partlayışlar səbəb ola bilər. Meteoroloji dəyişikliklərə dözümlü olmaq və həssaslığı azaltmaq da mümkündür.
Həkim-terapevt onu da deyib ki, iqlim dəyişikliyinə həssas olanlar xarici mühit amillərinə qarşı orqanizmin müqavimətini artırmağa çalışmalıdırlar: “Təmiz havada çox olmaq, günəş şüarları, xüsusilə ultrabənövşəyi şüalar qəbul etmək, yay aylarında dəniz çimərliklərində olmaq, normal əmək və istirahət rejiminin saxlanılması, zəngin vitaminli qidaların qəbulu xarici mühit amillərinə qarşı müqaviməti artırır və həssaslığı azaldır”.
Bundan başqa mütəmadi olaraq normal yuxu təbiətin şıltaqlığı ilə mübarizədə kömək edə bilər. Nanə, lavanda, evkalipt, qızılgülün efir yağlarından vanna qəbulu isə əhval-ruhiyyəni və immuniteti yüksəldir, sinir sisteminin sakitləşməsinə və emosiyaların nəzarətdə saxlanılmasına kömək edir.