Yeni məktəbli formaları idman üslubunda hazırlanacaq? - AÇIQLAMA
“Məktəbli formalarının ümumi dizaynları artıq hazırdır. Onların parça seçimləri ilə bağlı danışıqlar gedir. Çünki formalar ümumi olaraq “sport” üslubunda nəzərdə tutulub”.
Bu sözləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında Bakı Tekstil Fabrikinin icraçı direktoru Elçin Babayev deyib.
O bildirib ki, qonşu ölkə Türkiyə praktikasından götürsək, pambıq tərkibli və dözümlü olması üçün çalışılır:
“Ailə büdcəsinə zərər vurmaması və tez sıradan çıxmaması üçün məktəbli formalarına bir standartın gətirilməsi şərtdir. İstehsalçı olaraq bizim də bu mexanizmlə bağlı bir sıra suallarımız olur. Dizayn aydındır, parça keyfiyyəti isə çox fərqlidir. Biz məhsul istehsalı zamanı hansından daha çox, hansından daha az istehsal etməli olduğumuzu bilməliyik. Bu gün ölkəmizdə milyon yarıma yaxın şagird var.
Bu təxminən altı milyon ədədə yaxın məhsul deməkdir. Bu məhsulun hazırlanması ölkədəki bir və ya iki fabrikin öhdəsinə düşür. 2023-cü illər üçün hazır olmalıdır deyə bizim cəmi iki il müddətimiz var. Amma düşünürəm ki, bu müddət bizə bəs etməyəcək”.
O qeyd edib ki, dizayn kimi ortaq qərar gəldiyi kimi qiymət məsələsində də ekspertlərin rəyi alınacaq:
“Ekspertlər həm valideyn kimi, həm də pedaqoq kimi bu məsələdə daha səmərəli fikirlər verə bilər. Çünki üç manatlıq parçalar da var, on manatlıq parçalar da var. Bu məsələ ilə bağlı parçaların keyfiyyətinə müəyyən standart gəlməlidir”.
Bakı Tikiş Evi Müəssisənin satış şöbəsinin müdiri Etibar Əzimov isə Oxu.Az-a açıqlamasında bildirib ki, təsdiq olunan yeni məktəbli formalarının qiymətləri hələ təsdiqlənməyib:
“Biz istehsal işi ilə məşğul olan müəssisəyik. Təhsil Nazirliyi hansı nümunəni təqdim etsə, onlarda istehsal olunacaq. Yeni məktəbli formalarının qiyməti məlum deyil. Nümunələr yeni təsdiq olunub. Biz bu barədə Təhsil Nazirliyi ilə müzakirələr aparmalıyıq. Bizim tikiş evində hazırda məktəbli formaları istehsal olunur. Onlar yeni nümunələrdən mürəkkəbdir. Təsdiq olunan yeni məktəbli formalarını da istehsal edə bilərik”.Oxu.Az