Nadir İsrafilov- Yəqin ki, soydaşlarımızın təhsillərinin yarımçıq qalmaması üçün bütün mümkün imkanlardan istifadə ediləcəkdir.
"Nə qədər problemli olsa belə, istənilən halda Ukraynada təhsil alan tələbələrin Azərbaycanın ali məktəblərinə transfer edilməsi ilə bağlı məsələyə əncam çəkilməlidir".
Bu sözləri AzEdu az.-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
“Problemin kökü isə ondan ibarətdir ki, təxminən hardasa 20 min civarında olan tələbələrin ali məktəblərimizdə yerləşdirilməsi mümkünsüz bir çətinlik yaradır. Çünki, Ukraynada təhsil alan tələbələr arasında dövlət xətti ilə, yəni dövlətlərarası tələbə mübadilə proqramı ilə gedənlər əsasən azlıq təşkil edirlər. Tələbələrin böyük əksəriyyəti öz hesablarına, yaxud da ayrı-ayrı təhsil şirkətlərinin xətti ilə gedənlər, müəyyən qismi isə attestatla qəbul olunanlardır ki, onların da sənədləri bizdə dövlət nümunəli sayıla bilməz. Bir də ki, hadisələrin nə müddətə və hansı istiqamətdə davam edəcəyi hələ ki, məlum deyil. Hesab edirəm ki, məsələ hökumətlərarası razılaşmalar əsasında tənzimlənə bilər“.
Ekspertin qənaətinə görə, o da istisna edilə bilməz ki, müvəqqəti transfer həyata keçirilsin, hadisələr stabilləşdikdən sonra həmin tələbələr öz təhsil müəssisələrinə dönsün. İstənilən halda geniş müzakirələr aparılmalı, məsələnin ən optimal variantı tapılmalıdır. Yəqin ki, təxliyyə olunanlar arasında şagirdlərimiz də az sayda da olsa olmamış deyil. Yəqin ki, soydaşlarımızın təhsillərinin yarımçıq qalmaması üçün bütün mümkün imkanlardan istifadə ediləcəkdir.