Emin Əmrullayev: “Mediada bəzən məktəblər elə göstərilir ki, sanki onlardan xəbərsizik”
“Təhsil Nazirliyi Azərbaycanın ərazisində olan bütün məktəblərlə bağlı məlumatlıdır. Bu, belə deyil ki, hər hansı bir laqeydlik var və ya xəbərsizik. Çünki mediada bəzən bu tipli məktəblər elə göstərilir ki, sanki onlardan xəbərsizik”.
AzTehsil.com APA-ya istinadən xəbər verir ki, bunu yararsız vəziyyətdə olan məktəblərlə bağlı Lənkəranda jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, məktəblər müəyyən prioritetlik əsasında illər üzrə təmir olunur: “Bu mənada təbii ki, şagird sayı, həmin bölgələrdə paylanması nəzərə alınır. Eyni anda bir bölgədə bütün məktəbləri deyil, heç olmasa, hər rayonda, şəhərdə 1-2, bəzən də daha çox məktəb təmir edilir. Səhv eləmirəmsə, Cəlilabad rayonunda bir neçə məktəbi təmir etmişdik, çünki orada buna ehtiyac var idi. Eyni zamanda məktəbin yerləşdiyi kənddə başqa məktəbin olub-olmaması da prinsipidir. Təbii ki, maliyyə resurslarımızın mövcudluğu da nəzərə alınır. Bu meyarlar əsasında növbəli əsasla biz məktəblərin, ya əsaslı təmirini, ya da sökülüb yenidən tikilməsini həyata keçiririk”.
Nazir deyib ki, bu istiqamədə son illər ərzində çox böyük işlər görülüb: “Birmənalı olaraq, Azərbaycan məktəblərinin 20-30 il əvvəllə müqayisə etsəniz, hər 10 il ərzində məktəb infrastrukturu yaxşıya doğru dəyişib. Sadəcə bir az səbirli olub, yerdə qalan məktəblərin də növbəli əsaslarla təmiri ilə bağlı görüləcək işləri səbrlə gözləmək lazımdır”.
Nazir əsaslı təmirdən sonra açılış mərasimində iştirak etdiyi Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəblı bağlı açıqlama verərək deyib ki, orada 900-dən artıq şagird təhsil alır: “Eyni zamanda bu məktəbdə Azərbaycanın digər bölgələrində artıq bir neçə ildir ki, başladığımız STEAM Mərkəzi də fəaliyyət göstərəcək. Hələlik digər bölgələrdə də açılana qədər bura regional xarakter daşıyır. Lənkəran rayonunun hətta digər kəndlərindən olan, şəhərin digər məktəblərindən olan uşaqlar üçün də müəyyən fəaliyyətləri təqdim edəcəyik. Burada həm robototexnika, həm 3D printerlər, həm kodlaşdırma, dron texnologiyaları, o cümlədən azyaşlı, məktəbəqədər, məktəbəhazırlıq yaşlı uşaqlar üçün də müxtəlif STEAM əsaslı məşğələlər üçün şərait yaradılıb. Ümumilikdə, ölkə rəhbərliyinin müvafiq tapşırıq və sərəncamları əsasında hər il Azərbaycanda təxminən həm Təhsil Nazirliyi, həm Heydər Əliyev Fondu tərəfindən 100-ə qədər məktəb əsaslı təmir olunur və ya yenidən tikilib şagirdlərin istifadəsinə verilir. Son illər ərzində 3500-dən artıq məktəb əsaslı təmir olunmuş və ya yenidən tikilərək Azərbaycan təhsil sisteminə verilmişdir”.