Almaniyada tibb tarixində yenilik edən azərbaycanlı – UĞUR HEKAYƏSİ
O, bu uğura gərgin əməyi nəticəsində nail olub. Peşəkar insanların yanında özünə güvənib və tibb sahəsində bir çox yeniliklərin yaşandığı ölkədə azərbaycanlı həkim kimi ilkə imza atıb. Həmsöhbətimiz Almaniyada ilk dəfə xəstəliyin dəqiq və düzgün diaqnozunu yeni kriteriyaya əsasən müəyyənləşdirən azərbaycanlı həkim Elvin Hüseynovdur.
Kaspi qəzeti həkimlə bağlı məqalə dərc edib.
O, allergik bronxopulmonal kandidiaz xəstəliyinin Almaniyada ilk dəfə dəqiq və düzgün diaqnozu ilə bağlı tibbi yeniliyi rəsmi olaraq elmi konfransda təqdim edib. Bu uğurla da, adını Almaniya tibb tarixinə yazdırıb.
Həmsöhbətimiz Sumqayıtda anadan olub, uşaqlıq və gənclik illərini Ceyranbatanda keçirib. 2004-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olub. 3-4-cü kursda ingilis və alman dillərini öyrənib. 5-ci kursda təhsilini yarımçıq qoyub Təhsil Nazirliyinin dövlət proqramı ilə Almaniyanın Köln Universitetinin Tibb Fakültəsində yenidən tibb təhsili alıb. 2014-cü ildən həkim kimi fəaliyyətə başlayıb. 2019-cu ildə təcili tibbi yardım üzrə mütəxəssis, 2020-ci ildə ümumi daxili xəstəliklər üzrə ixtisaslaşmış həkim adını qazanıb. 2020-ci ilin sentyabr ayında “Augustireninnen” Xəstəxanasının ağciyər xəstəlikləri, allerqologiya, süni tənəffüs və yuxu təbabəti klinikasında uzman, ixtisas həkimi kimi fəaliyyət göstərib. Hazırda Almaniyanın Köln şəhərindəki “Augustireninnen” xəstəxanasının ağciyər xəstəlikləri, allerqologiya, süni tənəffüs və yuxu təbabəti klinikasının aparıcı mütəxəssisidir.
– Allergik bronxopulmonal kandidiaz nədir? Necə oldu ki, tibb sahəsində öz sözünü deyən ölkədə ilk dəfə bu diaqnozu siz qoydunuz?
– Tibdə bronxoektaziya deyilən bir xəstəlik mövcuddur. Bronxların patoloji genişlənməsi ilə xarakterizə olunan iltihabı xəstəlikdir. Belə xəstələr bronxların genişlənməsi nəticəsində ağciyərdə ifraz olunan seliyi kifayət qədər xaric edə bilmirlər. Bu xəstələrdə selik daxildə qaldığına görə, ağciyər infeksiyalarına həssaslıq digər şəxslərdən daha yüksəkdir. Biz bilirik ki, göbələyin sporları ətrafda mövcuddur. Gündəlik həyatda hamı bu sporlarla nəfəs alır. Lakin əksəriyyətimizdə immun sistemi o sporların ağciyərdə hər hansı bur patologiya əmələ gətirməsinə icazə vermir. Biz öskürürük və o seliyi ağciyərdən xaric edirik. Lakin bronxoektaziyalı xəstələrdə bu mexanizm pozulduğu üçün göbələk sporları orada münbit şəraitdə çoxalmaq imkanına malik olur. Bəzi xəstələrdə bu sporların selikli qişaya daxil olması allergik reaksiya ilə nəticələnir. Yəni mənim qoyduğum diaqnoz da sırf bu istiqamətdədir. Bu allergik bronxopulmonal kandidiaz xəstəliyidir.
Həkim deyir ki, bu xəstəlik elmi ədəbiyyatda mövcuddur və təxminən 150 dəfə rast gəlinib:
“Almaniyada isə indiyə qədər bu xəstəliyi qeydiyyata alan olmayıb. İlk diaqnozu mən qoydum. Xəstəliyə diaqnoz qoymaq üçün müəyyən kriteriyalar mövcud deyildi. Kriteriyaları 2020-ci ildə Yaponiyadan olan işçi qrupu hazırlamışdı və ondan istifadə etdim. İkinci məsələ isə odur ki, normalda bu kimi xəstəliklərin diaqnozu qoyulduqda, əsasən, kortizon preparatlarından istifadə olunurdu. Biz bu xəstəlikdə ilk dəfə anticisim terapiyasından istifadə etdik”.
Həmsöhbətimiz deyir ki, Almaniyada ilkə imza atması uzun müddət sərf olunan əməyin nəticəsidir:
“Təbii, burada professional həkimlər çoxdur. Amma mənim bu kəşfim bir günün deyil, uzun müddət sərf olunan əməyi nəticəsidir. Elmi araşdırmaları yaxından izləyir, klinik olaraq ciddi şəkildə fəaliyyət göstərir və öz üzərimdə çalışırdım. İnsan öz üzərində çalışdıqdan sonra özünəinam yaranır. İşini dərindən bilən mütəxəssislərin yanında bu addımları atmağa özümdə cəsarət tapdım. Digər tərəfdən, gördüyüm işə heç vaxt şübhə ilə yanaşmayıb, öz işimə inanmışam”.
Əcnəbi ölkədə təcili tibbi yardım mütəxəssisi olan həmyerlimizdən yaralı yerimiz olan bu sahənin vəziyyətini xəbər almasaq, olmazdı. Müsahibimiz deyir ki, Azərbaycanda təcili tibbi yardımın işi kökündən yanlışdır:
“İstər əhalinin düşüncə tərzində, istər qurumda ciddi reformasiyalara ehtiyac olan strukturdur. Almaniyada təcili tibbi yardım maşını gələndə istənilən tıxacda ona yol verilir və təcili tibbi yardım həkiminin hər hansı bir hadisə yerinə çatma müddəti 8-11 dəqiqə arasında dəyişir. Təcili Tibbi yardıma zarafat, ələ salmaq üçün zəng edənlərə qarşı da cəza mexanizmləri mövcuddur. Son dəyişikliklərə görə, təcili tibbi yardım maşınına yol verməyən sürücülər və onun işinə mane olan şəxslər böyük miqdarda cərimə olunurlar. Bizdə də problemləri düzəltmək üçün maarifləndirmə və cəza metodları olsa, effekt verəcək”.
Həmsöhbətimiz karyerasında unutmadığı hadisəni də bizimlə bölüşdü:
“Xəstələrin sağaldığını görmək həkimin ən böyük motivasiyasıdır. Bir dəfə növbədə olanda xəstəxanaya 36 yaşlı qadını gətirdilər. Ona verilən dərmanın yan təsiri ilə ayaqları işləmirdi. Xəstə 3 həftə idi ki, yeriyə bilmirdi. Xəstə haqqında məlumat aldıqdan sonra qəbul etdiyi dərmandan-metoclopramidin yan təsirindən yaranan extrapiramidal motorik pozuntudan şübhələndim. Ona görə xəstəyə o dərmanın təsirini aradan qaldıran bir başqa dərman vurdum. 5 dəqiqədən sonra xəstə dəhlizdə gəzməyə başladı. Anası da, xəstə də həddindən artıq sevincli idilər. Onların gözündəki sevinci unuda bilmirəm. Ən təsirlisi isə ölüm ayağında olan yaşlı insanların son ana qədər bir-birinin əlini buraxmamağıdır. Onların həyatla mübarizəsi çox təsirlidir”.
Müsahibimiz 10 ildən çoxdur ki, Almaniyada yaşayır. Öz dilində danışmağın həsrətini çəkir:
“Almaniyada olanda ən çox öz dilimdə danışmaq üçün darıxıram. İstərdim ki, xəstələrlə öz dilimdə danışım. İkinci darıxdığım hiss, bəzən işdən yorğun çıxanda böyüdüyüm evə, valideynlərimin yanına gedə bilmək hissidir. O imkandan, təəssüf ki, məhrumam. Bu hissi yaşayan adamları da xoşbəxt hesab edirəm. Böyüdüyün evə gedə bilmək böyük xoşbəxtlikdir. Yeməklərdən isə piti, corat qutabı tez-tez yada düşür. Burada tapılmayan, həsrətini çəkdiyim meyvə isə Göyçay narıdır. Yaxşı, şirin, qırmızı nar tapmaq mümkünsüzdür”.