Kimlər üçün qəbul imtahanına qeydiyyat ödənişsiz olacaq? - DİM rəsmisi açıqlanıb
Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyat prosesi aprelin 17-dən mayın 1-dək internet vasitəsilə aparılacaq. Bu qeydiyyat mərhələsi bütün abituriyentlərə aiddir.
AzTehsil.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynova deyib.
O bildirib ki, buraxılış imtahanının nəticələri iki il qüvvədədir: “Keçən ilin məzunları nəticələri əsasında müsabiqəyə qatılmaq istəyirlərsə, onlar da ixtisas seçimdə iştirak edə bilərlər. Bu imkan onlara yaradılacaq. Ali məktəbə qəbul üçün ilk dəfə müraciət edənlər ödənişdən azaddırlar, bu ilk dəfə imtahanda iştirak edənlərə aiddir. Bütün cari ilin məzunları ilk dəfə müraciət edirlər, onlar üçün hazırkı qeydiyyat ödənişsiz olacaq. Keçən ilin məzunları bir dəfə ali məktəbə qəbul üçün müraciət ediblərsə, onlar üçün bu proses ödənişli olacaq”.
Nigar Hüseynova qeyd edib ki, əgər abituriyentlər qəbul imtahanının birinci cəhdində iştiraka özlərini hazır hiss etmirlərsə, birbaşa ikinci cəhd imtahanına qatıla bilərlər: “Ancaq hər iki imtahanda iştirak daha məqsədəmüvafiqdir. Bununla abituriyent imtahanın texnoloji proseslərinə alışır, üstəlik də öz biliyini sınayır”.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 22-də keçiriləcək