---
03 may 2019
82

Avropa Olimpiada tarixində bir ilk


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Avropa Olimpiada tarixində bir ilk

 

 

Bakı məktəblisi Fidan Qarayeva ən gənc qalibdir


 
Son illər Azərbaycan məktəblilərinin beynəlxalq bilik yarışlarında qazandıqları uğurlar bir-birini əvəz edir. Bu günlərdə daha bir məktəbli uğura imza atıb. Bakı məktəblisi Fidan Qarayeva 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının, sadəcə, qaliblərindən biri olmaqla qalmadı, üstəlik, bu olimpiadanın tarixinə öz yaşı ilə adını yazdı. 13 yaşlı bürünc medal sahibi Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixinə ən gənc qalib kimi düşüb.

Fidanın adı ölkə mətbuatında indi əks-səda versə də, əslində, barəsində artıq yazılıb. Biz  Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə fəaliyyət göstərən olimpiadalara hazırlıq mərkəzində tanıdıq onu. Əvvəlcə adını müəllimindən eşitdik. Boş vaxtlarında hazırlıq mərkəzində dərslərə qatılaraq uşaqlara olimpiadada qalib gəlməyin yollarını öyrədən, özü tələbə olsa da, olimpiada qalibi olaraq təcrübəsini məktəblilərlə bölüşən İsmət Ağayev danışmışdı ondan. Hazırlıq keçdiyi uşaqlar arasında fərqləndirdiyi adlardan biri də onun adı idi: "Bu uşaqların arasında həm istedadlı, həm də çalışqan uşaqlar çoxdur. Özü də bizim X-XI sinifdə öyrəndiklərimizi artıq IX, hətta VII sinifdən öyrənməyə başlayıblar. Dərs dediyim qrupda 7-ci sinif şagirdi olan Fidan Qarayevanın xüsusi istedadı var.

Hamıdan balaca olsa da, imtahanda ən yaxşı nəticə göstərən 4-5 nəfərdən biri olub.

İnanıram ki, növbəti imtahanda birinci olacaq”.

İsmət Ağayevin barəsində qürurla danışdığı kiçik qızla həmin vaxt biz də tanış olduq. Hazırda Xətai rayonundakı 257 nömrəli tam orta məktəbdə təhsil alır. Seçim mərhələsində iştirak edib və olimpiadalara hazırlıq mərkəzində məşq keçmək hüququ qazanıb.

Mütəxəssislər hesab edir ki, beynəlxalq olimpiadalarda yaş bir çox hallarda önəm daşımır. Bir də görürsən, IX sinif şagirdi XI sinif şagirdindən daha yaxşı nəticə göstərir. Bu təcrübəyə əsaslanan müəllimləri o gün də Fidanın tezliklə özündən böyüklərlə yarışdan qalib çıxacağına inamla danışdılar.

 

Bu da imtahan, bu da nəticə

 

O, Ukraynada keçirilən 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının qalibidir. Özü də 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixində ən gənc qalibi.  36 ölkədən 196 şagirdin qatıldığı olimpiadada ABŞ, Kanada, Avstraliya, Hindistan və digər ölkələrin məktəbliləri iştirak ediblər. Olimpiada iki gün keçirilib. "Hər gün çox çətin olan 3 misal verilmişdi. Amma mən onları həll etdim”, - deyən Fidan Qarayevanın sözlərinə görə, riyaziyyatdan istedadı 7 yaşından üzə çıxıb. Artıq 8 yaşından kvadrat tənliyi həll etməyə başlayıb: "Atam riyaziyyatçıdır. Meksikada universitet müəllimidir. Riyaziyyatı uşaqlıqdan atamdan öyrənmişəm. Azərbaycana qayıdandan sonra riyaziyyatla həm evdə, həm məktəbdə, həm də beynəlxalq olimpiadaya hazırlıq mərkəzində məşğul olmuşam”.

Fidanın bürünc medalı 2016-cı ildən bu olimpiadada iştirak edən məktəblilərimizin ilk medalıdır. Ancaq bu, Fidanın ilk medalı deyil. İlk dəfə 9 yaşında olimpiadaya qatılan Fidan Meksikada keçirilən riyaziyyat olimpiadasında qızıl medal qazanıb.

Fidan sadəcə riyaziyyatçı olmaqla kifayətlənmir, dil öyrənməyi, mütaliə etməyi də sevir: "Boş vaxtlarımda riyaziyyatdan çoxlu misallar işləyirəm. Bir də ispan dilində kitablar oxuyuram”.

 

Təhsil naziri ilə görüş

 

Dünən Təhsil naziri Ceyhun Bayramov VII sinif şagirdi Fidan Qarayeva ilə görüşüb. Nazir qeyd edib ki, Bakı məktəblisinin öz adını Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixinə ən gənc qalib kimi yazması ölkəmiz üçün qürurvericidir. Təhsil naziri onun dərsləri, eləcə də olimpiadalara hazırlığı ilə maraqlanıb.

Təhsil nazirinə arzularından danışan Fidan Qarayeva qeyd edib ki, gələcəkdə də beynəlxalq bilik yarışmalarında ölkəmizi layiqincə təmsil etmək niyyətindədir.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun: