PISA 2025 beynəlxalq qiymətləndirməsi yekunlaşıb
İdarənin tabeliyində olan məktəblərdə PISA 2025 beynəlxalq qiymətləndirməsi yekunlaşıb.
AzTehsil.com xəbər verir ki, 20–23 may tarixlərini əhatə edən müddətdə PISA 2025 beynəlxalq qiymətləndirməsi mərkəzləşdirilmiş qaydada uğurla həyata keçirilib. Qiymətləndirmə prosesində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan 6 rayon (şəhər) üzrə 16 ümumtəhsil müəssisəsinin 371 nəfər şagirdi iştirak edib. İmtahan beynəlxalq standartlara uyğun olaraq, şəffaflıq və texniki göstəricilər tam nəzərə alınmaqla təşkil olunub.
Qeyd edək ki, ölkəmizdə “PISA” tədqiqatı 2018-ci ildən etibarən kompüter əsaslı formada həyata keçirilir. “PISA” – Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı, 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və rəqəmsal dünyada öyrənmə sahələrində bilik və bacarıqları, eləcə də həmin bilik və bacarıqları real həyatda tətbiq etmək qabiliyyətini qiymətləndirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hər 3 ildən bir təşkil olunur.