Məktəblərdə “Basketbol sinfi” yaradılacaq
Bu gün Azərbaycan Basketbol Federasiyasının son beş ayda gördüyü işin hesabatı açıqlanıb.
Federasiyanın seleksiya üzrə koordinatoru Zərbəli Sahibcanovun açıqladığı hesabatda fevraldan bəri altı zona üzrə 2010-2011 təvəllüdlü uşaqlar arasında regional yarışların təşkil olunduğu bildirilib.
Ümumilikdə yarışlarda 1416 komanda iştirak edib. Bunlardan 891-i oğlanlardan, 525-i qızlardan ibarət komandalar olub. İştirakçı uşaqların sayı 8038-i oğlan, 4687-i qız olmaqla, ümumilikdə 12725 nəfər olub. Burada əsas məqsəd olaraq uşaqlar arasında basketbola sevgini artırmaq və 6 ildən sonra peşəkar basketbolçuya çevrilmək potensialı olan 200-300 nəfər oğlan və qızları tapmaq qoyulub.
Həmçinin gənclərin basketbol inkişaf proqramı hazırlanıb. Bu proqrama əsasən, 20-30 uşaqdan ibarət “Basketbol sinfi” adlı siniflər yaradılacaq. Onlar əla məktəblərdə təhsil alacaq, rahat yataqxanada qalacaq, gündə 3 dəfə isti yeməklə qidalanacaq və basketbol üzrə peşəkar əcnəbi uşaq məşqçiləri tərəfindən təlimlər alacaqlar.
Növbəti mövsüm U-12, U-14, U-16 liqaları, Özəl Məktəblər Liqası, Universitet Liqası və Azərbaycan Super Liqası keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev dekabrdan etibarən Basketbol Federasiyasının prezidentidir.