AzTehsil.com


Xəbərlər
07 may 2022
1 150


Həkim-psixiatr: yeniyetmə intiharlarının qarşısını necə almaq olar




Ötən il Azərbaycanda 612 özünüöldürmə və özünüöldürməyə cəhd hadisələri qeydə alınıb. Cari ilin əvvəlindən də gündəmi zəbt edən xəbərlərdən biri intihar xəbərləridir. İntihar edənlərin yaşının azlığı isə artıq həyəcan təbili çalmağa məcbur edir.


Mövzunun aktuallığını nəzərə alaraq sizə psixiatr Bəxtiyar Mustafayevlə müsahibəni təqdim edirik:


- Niyə yeniyetmələrdə tez-tez intihar barədə düşüncələr olur?


– Yeniyetməlik uşaqlıqla yetkinlik arasında keçid dövrü olduğu üçün orqanizmdə olan ən böyük dəyişiklik bu dövrdə olur. Bu yaş dövründə olan uşaqlarda depressiyaya düşmə səbəbləri də müxtəlifdir: ailə daxili münaqişələr, özünün azad fikri olmaq istəyi və valideynlərin bunu çox hallarda anlayışla qarşılamamaları, ilk sevgi və ayrılıqlar, imtahanla bağlı aşırı stres. Nəticə etibarilə bu problemlərlə mübarizə apara bilməyən əksər yeniyetmələr çıxış yolu kimi intiharı seçirlər.


- Valideynlər övladında intihar düşüncəsinin yaranmasını necə hiss edə bilərlər?


– İntihar edən insan çox hallarda əvvəlcədən dolayı və ya açıq şəkildə xəbərdaredici davranışlarla bunu ətrafındakılara göstərir. Belə insanlarda ölüm haqqında çox danışmaq, gələcəklə bağlı çox ümidsiz olma, hər şeyin mənasız olmağı barədə fikirlər çox eşidilir. Bu yaş dövründə olan uşaqlarda depressiya əlamətləri daha çox dərsə getməmək istəyi, dərslərindən geri qalmaq, bütün günü otağına qapanıb heç kimlə danışmamaq, iştahın artması və ya azalması, yuxu rejiminin pozulması kimi özünü biruzə verir. Və bu: valideynlərin uşaqlarına qarşı daha diqqətli olmasına dair son xəbərdarlıqlardır, – deməkdir.


- Uşaq valideynləri intiharla hədələsə, valideynlərin buna reaksiyası necə olmalıdır?


– İntihar fikirləri hər bir halda ciddi qəbul olunmalıdır. “Əşi, bu uşaq intihar edən deyil, bizi qorxutmaq üçün belə edir”, – bu sözlər uşağa daha çox təzyiq göstərir. Danlamaq əvəzinə, problem barədə açıq danışmaq və danışan zaman da onu həqiqətən anlamaq istədiyini, kömək etmək istədiyini ona hiss etdirmək lazımdır. Bu problemlər böyüklər üçün kiçik görünsə də, yeniyetmələr üçün çox böyükdür.


- İntihar düşüncələrini birdəfəlik uşaqdan uzaqlaşdırmaq üçün nə demək və ya etmək lazımdır?


– Bu kimi problemlər zamanı ona dəstək olacaq mütəxəssislərə müraciət etmək lazımdır. Ümumiyyətlə, yeniyetmələri ən azından bir dəfə də olsa, profilaktika məqsədi ilə psixoloq və psixiatr müayinəsinə aparmalarını tövsiyə edirəm.


- İntihar hadisələrinin xəbər portallarında və sosial şəbəkələrdə yayımlanmasına münasibətiniz necədir?


– Sosial şəbəkələr və televiziyada intiharla bağlı xəbərlərin tam detallarının paylaşılması, intihara necə hazırlıq görülməsi, hansı üsuldan istifadə edilməsi barədə məlumatların yayılması yolverilməzdir. Bu kimi xırdalıqlar intihar davranışlarının daha da artmasına səbəb olur. Bunun əksinə, intiharın çıxış yolu olmadığına dair daha geniş reportaj hazırlansa, daha yaxşı olar.


- Abituriyent valideynlərinin imtahan ərəfəsində davranışı necə olmalıdır?


– Bizdə mentalitet olaraq el-aləmi fikirləşmək demək olar ki, şüuraltımıza yeridilib. Öz uşağımızı digər uşaqlarla müqayisə eləmək yeniyetmələrdə daha çox özgüvənsizliyin və depressiyanın yaranmasına səbəb olur. Valideynlər bunu etməklə rəqabət yaratdıqlarını düşünürlər, ancaq bu kimi hallar uşaqlara mənfi psixoloji təsir göstərir. “İmtahandan kəsilsən, evə gəlmə”, “Biz el-aləmin üzünə necə baxacağıq” kimi təkrar olunan fikirlər uşaqlarda imtahan zamanı aşağı nəticə göstərmələrinə səbəb olur. Çünki imtahan zamanı diqqətini cəmləyə bilmir. Aşağı nəticə göstərən uşaqlar isə bir sıra hallarda çıxış yolu kimi intiharı seçir. Valideynlər hansı nəticə olmasından asılı olmayaraq, hər bir halda övladının yanında olduqlarını hiss etdirməlidirlər. İmtahanın uğur qazanmaq üçün sadəcə vasitə olduğunu və uğura aparan bir çox yolun olduğunu da ona deməlidirlər. Əsas olan onun sağlamlığı və varlığıdır. Belə olan halda uşaqlar sevgi ilə böyüdükləri üçün həm özgüvənli olar, həm imtahanlardan daha yaxşı nəticə əldə edər.


Psixoloji dəstəyə ehtiyacı olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Qayğı” Çağrı Mərkəzinə (116 123) zəng edə bilərlər. Qeyd edək ki, son iki ayda sözügedən zəng mərkəzinə 1000-dən çox müraciət daxil olub./insanoid.com




Загрузка...