AzTehsil.com


Xəbərlər
05 may 2017
2 754


İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək



İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

 

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyi (AzETA) 6-7 may 2017-ci il tarixdə özünün XII Beynəlxalq konfransını keçirəcək.
 
Aztehsil.com xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, konfrans Avropa Azərbaycan Məktəbinin Badamdar binasında təşkil olunacaq. Konfransda Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Gürcüstan, Yaponiya, Özbəkistan, Türkiyədən də mütəxəssislər iştirak edərək, müxtəlif mövzularda çıxış edəcək. Konfransın əsas mövzusu - XXI əsr şagirdinə dərs deməyin üstünlükləri və çətinlikləridir.
 
Konfransın açılış mərasimində ABŞ səfirliyinin Müvəqqəti işlər vəkili Uilyam Qill, Türkiyənin Azərbaycandakı səfirliyinin, British Council təşkilatının, Təhsil nazirliyinin, Avropa Azərbaycan Məktəbinin, Azərbaycan Müəllim İnkişafı Mərkəzinin nümayəndələri çıxış edəcək.
 
Konfransın əsas natiqləri olan Türkiyənin təhsil mütəxəssisi doktor Erdem Söylemez "XXI əsr şagirdinin təhsilində müəllimin rolu” mövzusunda və Böyük Britaniyanın ingilis dili mütəxəssisi Les Kirkham isə "İngilis dilinin tədrisində fənlərarası inteqrasiya fonunda XXI əsr şagirdi” mövzusunda məruzə oxuyacaq.
 
Bölmə iclaslarında Azərbaycanın müxtəlif regionlarından olan mütəxəssislərlə yanaşı, ABŞ, Böyük Britaniya, Gürcüstan, Yaponiya, Özbəkistan və Türkiyədən olan 27 təhsil mütəxəssisi konfransın əsas mövzusu ətrafında təqdimatlar verəcək, fikir mübadiləsi və müzakirələr aparacaq.
 
Konfransda 160 müəllim, məktəb direktoru, təhsil mütəxəssisi iştirak edəcək. Bu konfrans vasitəsilə, AzETA təsis olunmasının 20 illik yubileyini də qeyd edəcək.
 
Konfransın təşkilinə Avropa Azərbaycan Məktəbi, ABŞ səfirliyi, Azərbaycan Müəllim İnkişafı Mərkəzi, British Council təşkilatı və Təhsil nazirliyi təşkilati dəstək göstərib.
 
AzETA 1996-cı ildə təsis edilib və rəsmi qeydiyyatdan keçib. Təşkilatın Baş ofisi Bakı Slavyan Universitetində yerləşir. Təşkilatın Bərdə, Gəncə, Göygöl, İsmayıllı, Lənkəran, Mingəçevir, Şəki, Şirvan və Xaçmazda filialları fəaliyyət göstərir. Təşkilat öz sıralarında 2000-dən çox ali və orta məktəb müəllimini birləşdirir. AzETA Böyük Britaniyanın IATEFL və ABŞ-ın TESOL təşkilatlarının üzvüdür.



Загрузка...