"Muzeylərimizi tanıyaq və tanıtdıraq”adlı interaktiv ekskursiya layihəsinə yekun vurulub-FOTO
Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsinə yekun vurulub. Layihədə cari ilin noyabrın 6-dan start verilən ekskursiyalarda dekabrın 26-dək ümumilikdə 14 000 məktəbli iştirak edib.
Ekskursiyalarda ölkənin 42 rayonundan məktəblilər iştirak edib. Bu uşaqlar şəhid və Qarabağ müharibəsi veteranlarının övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrin övladları, internat məktəblərinin şagirdləridir.
Layihə çərçivəsində təşkil olunan bir günlük ekskursiyalarda Abşeron, Cəlilabad, Hacıqabul, Quba, Şabran, Siyəzən, Salyan, Şamaxı, Sumqayıt, Tərtər, Ucar, Xaçmaz, Yevlax, Oğuz, Zərdab, Ağcabədi, Ağdam, Astara, Bərdə, Ağdaş, Füzuli, İsmayıllı, İmişli, Kürdəmir, Lerik, Masallı, Mingəçevir, Naftalan, Qobustan, Lənkəran, Biləsuvar, Xızı, iki günlük ekskursiyalarda isə Ağstafa, Balakən, Gəncə, Goranboy, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Zaqatala rayonlarının məktəbliləri iştirak edib.
Layihənin məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, həmçinin onların dünyagörüşünü genişləndirmək, məktəbin təhsil məkanında muzey hərəkatının inkişafına töhfə vermək, ölkənin tarixi-mədəni irsi, milli mənəvi dəyərləri haqqında bilik səviyyəsini yüksəltmək, uşaq və gəncləri muzey ekspozisiyaları və sərgiləri ilə tanış etməkdən ibarətdir.
“Mərkəzin peşəkar əməkdaşı uşaq qrupları ilə işləyib, onlar ekskursiya qruplarının işini tam şəkildə əlaqələndirib, muzeylərə səfərlər zamanı onları kiçik qruplara bölüb, pandemiya zamanı ekskursiyaların aparılması qaydalarına, səyahətə, qidalanmaya, oteldə yerləşməyə, ünsiyyətə nəzarət edib, müəllimlərlə ünsiyyət qurulub və uşaqların Bakıda olduğu müddətdə bütün suallarını həll ediblər. Proqramın bütün iştirakçılarına xatirə hədiyyələri, isti gödəkçələr, bel çantaları, “Xarıbülbül” xatirə nişanları təqdim edilib. Qruplar Azərbaycan bayrağı və uşaqların gəldiyi rayon və şəhərlərin adı yazılmış plakatlar ilə gəliblər. Onlar fasilələr zamanı mərkəzdə və muzeylərdə canlı çıxışlar ediblər, mahnı oxuyublar, rəqs ediblər, şeir deyiblər. Uşaqların əksəriyyəti Bakıya ilk dəfədirki gəliblər, həmçinin muzeylərə və sərgilərdə ilk dəfə olaraq iştirak ediblər. Onlar üçün bu, əsl bayram və yeni bir şeyin kəşfi olub, onlar həm də oteldə qaldıqları müddətdə bir-birlərini tanıyıblar və yeni dostlar tapıblar”-Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, proqramın kuratoru Firuzə Sultan-zadə bildirib.
İnteraktiv ekskursiyalar Heydər Əliyev Mərkəzinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Hərbi Qənimətlər Parkına, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə, Azərbaycan Xalça Muzeyinə, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğuna, Qobustan Milli-Tarix Bədii Qoruğuna, Suraxanı Gəmi Muzeyinə və Yarat Müasir İncəsənət Mərkəzinə təşkil olunub. Qeyd edək ki, 11 dekabr tarixindən etibarən "Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsi çərçivəsində 300 məktəbli Nargis jurnalının Port Baku Ticarət Mərkəzində təşkil olunan “Karabakh - Winter Wonderland” sərgisini ziyarət edib.