AzTehsil.com


Xəbərlər
22 mart 2017
3 914


"Misir Mərdanovun nə yaşı var: gələn seçkiləri də gözləyə bilər"



"Misir Mərdanovun nə yaşı var: gələn seçkiləri də gözləyə bilər"

 

Aztehsil.com xəbər verir ki, tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev son zamanlar Misir Mərdanovun televiziya və qəzetlərdə tez-tez görünməsi ilə bağlı Moderator.az - a maraqlı yazı göndərib.
 
"Son zamanlar keçmiş təhsil naziri Misir Mərdanovun xeyli aktivləşməsi müşahidə olunur. O, "525-ci qəzet”ə silsilə məqalələr (məqalə adlandırmaq mümkündürsə) yazır, ATV –nin "Geriyə baxanda” verilişinə dəvət üçün təşəbbüs göstərir, xalqı Novruz bayramı münasibətilə təbrik edir. Nədən AMEA-nın rəhbərliyi bu adama xəbərdarlıq etmir: axı sən kimsən ki, xalqı bayram münasibətilə təbrik edirsən? Bəlkə biz bilmirik, AMEA-nın 40 institutundan yalnız buna təbrik üçün səlahiyyət verilib? Görəsən bu adamın özü bilirmi ki, bütün bu hərəkətlər gülüş doğurur. Adamı dəhşət bürüyür: Azərbaycan təhsil sistemini böyrü üstə qoyan birisi məkan axtarır ki, xatirələrini danışın. Danışığından belə çıxır ki, 15 il az imiş bunun nazir olması üçün. ATV-də onunla verilişin bircə maraqlı tərəfi diqqəti cəlb etdi: hələ də çoxlu alma yeməkdə davam edir. Alim, institut direktoru elmdən, kitabdan danışar, bu isə alma yeməyindən, ailə üzvlərinin ona sədaqətindən danışırdı. Amma deyəsən xoruzun quyruğu yavaş-yavaş görsənir. O, aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasına "Riyaziyyat” ixtisası üzrə keçiriləcək seçkilərdə müxbir üzv seçilmək istəyir. Hesab edirəm ki, ona səs verən akademiklər təmsil etdikləri qurumu gözdən salacaqlar. 
 
Yeri gəlmişkən, Misir Mərdanovun alternativlərinin demək olar hamısı ondan üstündür. Çünki, onların böyük əksəriyyəti riyaziyyatla məşğul olanda Mərdanov Təhsil Nazirliyində adını dərsliklərə yazdırır, məktəb sistemini viran qoyurdu. Onun nazir olduğu dövrdə satılmayan məktəb və kollecin həyəti qalmadı, tələbə köçürmələri hesabına minlərlə savadsız adamı iqtisadçı, hüquqşunas, həkim və s. etdilər. İndi aşkar olunub ki, onun vaxtında 2000-dən çox saxta diplomlu adamlar "müəllim” adı ilə məktəblərə doluşubmuş. Ancaq "ağıl - ağıldan üstündür”-deyirlər. Misir Mərdanov təkcə bir alternativinə görə namizədliyini kirimişcə geri götürməlidir. Əlbəttə ki, bu bir təklifdir.
 
Bu, "Riyaziyyat” ixtisası üzrə müxbir üzvülüyə namizədliyi qeydə alınmış dünyada tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor Vərqa Kələntərovdur. Vərqa Kələntərov orta təhsilini Bakıdakı 158 nömrəli məktəbdə almış, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirdikdən sonra AMEA-nın aspiranturasına daxil olmuş, 1974-cü ildə Riyaziyyat və Mexanika İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. Daha sonra o, 1975-1981-ci illərdə Sankt-Peterburqda elmi tədqiqatlarını davam etdirmiş, 1988-ci ildə uğurla doktorluq dissertasiyasını müdafiə etmişdir.
 
Vərqa Kələntərov Türkiyənin Koç Universitetinin riyaziyyat bölümündə çalışır. Bundan əvvəl isə 1993-cü ildən 2001-ci ilə qədər Ankaradakı məşhur Hacıtəpə Universitetinin professoru kimi fəaliyyət göstərmişdir. Professor V.Kələntərov İspaniya, Almaniya, ABŞ, Səudiyyə Ərəbistanının nüfuzlu universitetlərində mühazirələr oxumuş, Avropa, Amerika, Asiyanın bir çox ölkələrində beynəlxalq konfranslarda məruzələr etmişdir.
 
Fikrimcə Vərqa Kələntərovun seçilməsi riyaziyyat elminin nüfuzunu yüksəldə, Mərdanovun seçilməsi isə nüfuzu aşağı sala bilər.
 
Bir də ki, Misir Mərdanovun nə yaşı var: gələn seçkiləri də gözləyə bilər...



Загрузка...