AzTehsil.com


Xəbərlər
09 fevral 2017
3 348


Fransanın Dövlət katibi UFAZ-da olub



Fransanın Dövlət katibi UFAZ-da olub

 

Fevralın 9-da Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi, hökumətin üzvü və Ekologist Partiyasının sədri Jean-Vincent Plase Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) tələbələrlə görüşüb.
 
Görüşdə UFAZ-ın direktoru Vazeh Əsgərov bu ali təhsil müəssisəsinin fəaliyyəti və universitetdəki tədris prosesi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, UFAZ layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə reallaşdırılıb.
 
Bildirilib ki, UFAZ-a 2016-2017-ci tədris ili üçün dörd ixtisas üzrə tələbə qəbulu aparılıb və 141 nəfər bu ali təhsil ocağında oxumaq hüququ qazanıb. Onlardan 120-si dövlət sifarişi, 21-i isə ödənişli əsaslarla təhsil alır. Tədris ingilis dilində həyata keçirilir. UFAZ-da təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.
 
Jean-Vincent Plase Azərbaycan-Fransa əlaqələrindən, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb.
 
Prezident İlham Əliyevlə görüşünü xatırladan Fransanın Dövlət katibi Azərbaycanın inkişafı üçün uğurlu tədbirlərin reallaşdırıldığını söyləyib.
 
Jean-Vincent Plase ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.
 
Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Azərbaycan ilə Fransanın digər sahələrdə olduğu kimi təhsil sahəsində də əməkdaşlığı sürətlə inkişaf edir. Ölkəmizdə fransız dilinə böyük marağın olduğunu qeyd edən nazir müavini 314 məktəbdə 40 minədək şagirdin bu dili öyrəndiyini diqqətə çatdırıb.
 
Qeyd olunub ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 126 azərbaycanlı gənc Fransanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
 
C.Bayramov Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə həyata keçirilən UFAZ layihəsinin əhəmiyyətini qeyd edib.
 
ADNSU-nun rektoru, professor Mustafa Babanlı UFAZ-a göstərilən diqqətə görə minnətdarlığını bildirib.
 
Sonra Jean-Vincent Plase tələbələri maraqlandıran sualları cavablandırıb. Sonra qonaq UFAZ-ın tədris şəraiti ilə tanış olub.
 
Görüşdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez iştirak edib.




Загрузка...