Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

 

Məktəbyaşlı uşaqların tədris prosesindən yayınmasına görə əsas məsuliyyəti kim daşıyır?
 
Paytaxt məktəblərinə I sinfə qəbulla bağlı elektron müraciət davam edir. Statistik göstəricilərə görə, artıq Bakıdakı dövlət ümumi təhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu proqnozunun, təxminən, 80 faizi civarında elektron müraciət qeydə alınıb. Amma bu məsələdə diqqətçəkən məqam ondan ibarətdir ki, paytaxtda I sinfə qəbul üçün 8 yaşdan yuxarı uşaqlarla bağlı müraciət edən valideynlər də az deyil. Qeyd edək ki, uşağın yaşı 8-i ötübsə, həmin uşağın valideyni mektebeqebul.edu.az saytına daxil olaraq qeydiyyatdan keçməli və həftənin 1-ci və 4-cü günləri həm özünün, həm də uşağının şəxsiyyət vəsiqəsi ilə BŞTİ-ə yaxınlaşmalıdır. Valideynlər uşaqlarını da özləri ilə gətirməlidir. Yaşı 8-dən yuxarı olan uşaqlar fərdi təhsilə cəlb olunacaqlar. Bundan başqa, 6 yaşı 16 sentyabr - 31 dekabr tarixlərində tamam olan uşaq məktəbəqədər hazırlıq kursunda təhsil alıbsa, dövlət ümumtəhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər. Ümumiyyətlə isə ümumi təhsil məktəbinin I sinfinə 2017-ci il sentyabrın 15-nə kimi 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş 16.09.2011-ci il tarixindən 31.12.2011-ci il tarixinədək olan dövrdə anadan olan və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.
 
Yeri gəlmişkən, təhsil nazirinin müvafiq əmrinə əsasən, nazirliyin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə reallaşır. Martın 15-dən sentyabrın 15-dək davam edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər. Həmçinin birinci sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə altı ümumi təhsil müəssisəsində apellyasiya komissiyaları fəaliyyət göstərir. Bundan başqa BŞTİ tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün 2017-2018-ci tədris ilində elektron sistem vasitəsilə birinci sinfə şagird qəbulu barədə videotəlimat hazırlanıb. Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi "Facebook” səhifəsində birinci sinfə qəbulla bağlı suallara cavab verilib.
 
Bəs, görəsən, məktəbyaşlı uşaqların icbari təhsildən yayınmasına görə əsas məsuliyyəti kim daşıyır? Ümumiyyətlə, bu yaşda usaqların təhsildən yayınmasına səbəb nədir?
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil üzrə ekspert Nadir İsrafilov da hesab edir ki, ümumi orta təhsilin icbariliyi fonunda təhsildən yayınma hallarının artması ciddi problem olaraq qalmaqdadır: "Bəzi rəsmi açəqlamalara görə təkcə son iki ildə 30 minə qədər 6 yaşı tamam olmuş uşaq 1-ci sinfə vaxtında qəbul olunmamışdır. Hətta 9 və 10 yaşlı uşaqlar var ki, hələ də məktəbə getmir. Yuxarı siniflərdə də vəziyyət heç də ürəkaçan deyil. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə IX sinifdə buraxılış imtahanını verən şagirdlərin 30 faizinin X-XI sinfə keçmədiyini dilə gətirib və qeyd edib ki, yuxarı sinif şagirdləri məktəbi atıb, əmək bazarına gedirlər. Peşə məktəblərinə isə cəmi 1-2 faiz şagird gedir.
 
Nazirlik rəsmiləri bunun sosial bir məsələ olduğuna istinad edərək, məcburi təhsilə cəlb olunmanı nümunəvi əsasnaməyə görə, yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biri, həmcinin bir neçə dövlət qurumunun funksional işi hesab etməklə, Nazirliyin bununla bağlı hər hansı təsir mexanizminə malik olmamasını əsas gətirirlər, ictimaiyyətin, medianın da roluna ümid bəsləyirlər. Bu da təbii məsələdir. Çünki şagirdlərin məktəbdən yayınması bir çox sosial regional, mental, miqrasiya səbəbləri ilə izah olunur ki, bu da ümumilikdə və bütövlükdə öz kompleks həllini tapmalıdır. Hər halda bu kimi taleyüklü məsələnin çözülməsində kimlərin nə dərəcədə məsuliyyət daşımasından asılı olmayaraq təhsildə dövlət siyasətinin həyata keçirilməsinə məsul olan ali icraedici dövlət qurumu kimi Təhsil Nazirliyi əsas yükü öz üzərinə götürməli, hökumət qarşısında konkret təkliflərlə çıxış etməlidir”.
 
Onun sözlərinə görə, bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına və təhsildən yayınmaya görə cəzalar nəzərdə tutulur: "Bu cəzalar həm inzibati, bəzi ölkələrdə isə hətta cinayət məcəlləsinin müvafiq maddələrinin pozuntusu kimi hesab edilir. Bizim Nazirliyin mövqeyi isə belədir ki, bu məsələdə inzibati tədbirlərə əl atmaqdansa "şüur"un üzərində çalışmaq lazımdır. Başqa sözlə, təhsilin dəyəri olmalı və ölkəmizin hər bir övladının, vətəndaşının təhsil hüququnun müqəddəs konstutision hüququnun olması, onun gələcəyi üçün təhsilin çox mühüm amil olmasını nəzərə almalıyıq. Bu işi istənilən bir məmurun, dövlət qurumunun işi kimi deyil, ümümmilli iş kimi qəbul etməyimiz daha düzgün olardı. Hər halda "şüurun üzərində çalışmaq” öz yerində qalsa belə bu müddət ərzində repetitorluğun meydanını daraldıb, məktəb rəhbərləri ilə bəzi valideynlərin alış-verişini məhdudlaşdırmaq yolu ilə şagirdlərin fərdi hazırlığa kütləvi cəlb olunmasının qarşısını almaq, məktəb mühitinin müəyyən qədər də olsa dirçəldilməsinə nail olmaq olar. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır. Ən başlıcası isə məktəblərdə tədrisin səviyyəsi qaldırılmalı, nizam-intizam möhkəmləndirilməlidir”.
 
Məsələyə münasibət bildirən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib ki, şagirdlərin məktəbdən yayınmasının müxtəlif səbəbləri var: "Təhsil Nazirliyinin özü əlaqədar qurumlarla birlikdə rayonlar üzrə məktəblərdə monitorinq keçirməlidir. Xüsusilə də, daha çox şagirdləri təhsildən yayınan rayonlara diqqət ayrılmalıdır. Tutaq ki, I sinfə 60 min nəfər qəbul olunur, yuxarı siniflərə isə 50 min nəfər qalır. Bunun 10 mini necə olur? Bu, monitorinq əsasında araşdırmalıdırlar. Monitorinq qrupuna Təhsil Nazirliyi işçiləri ilə yanaşı jurnalistlər, müəllimlər, iqtisadçı, sosioloq və psixoloqlar daxil olmalı və təhsildən yayınmanın müxtəlif səbəblərini araşdırmalıdır. Digər tərəfdən məktəb yaşlı uşaqların təhsildən yayınma səbəblərini ümumiləşdirmək olmaz. Hər regionda təhsildən yayınmanın səbəbləri müxtəlifdir. Elə regionlar var ki, uşaqlar təsərrüfatla məşğul olurlar. Valideynlər uşağı 6-7-ci sinfə çatandan sonra öz təsərrüfatında işçi kimi işlədir. Çünki o düşünür ki, bu gün mənim təsərrüfatımda oğlumun köməyi, 10 il gözlədikdən sonra məktəbi qurtarıb ali təhsil müəssisəsinə qəbul olmasından, bundan sonra iş tapa bilib-bilməməsindən daha irəlidir. Bilinmir ki, sabah o, iş tapa biləcəkmi? Bu gün real, övladı ona təsərrüfatla bağlı kömək edir və o, da bunun səmərəsini görür".
 

 

Mütəxəssis həmçinin deyib ki, şagirdlərin dərsdən yayınmasına miqrasiya məsələsi də rol oynayır: "Bundan başqa, bəzi məktəblərdə səhər növbəsinin tədris prosesi cədvəl üzrə 2-nin yarısına qədər davam edir. Uşaq o qədər yorulur ki, artır bir-iki il fasilə götürməyə və dərsə getməməyə məcbur qalır. Yəni, bu məsələlərə fərdi yanaşılmalı və aidiyyəti qurumlar belə ailələri diqqət mərkəzində saxlamalıdırlar".
 
hafta.az



Aztest.info







Reklam yeri:

loading...

xtehsil