AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

 


Mən gözümü açıb atamı şagird hazırlayan görmüşəm. Hər gün eyni vaxtda qapı döyülərdi. Bir andaca dəhliz ayaqqabılarla dolardı. Anam da onların arxasınca ayaqqabıları cütləşdirib, səliqəyə salardı. Yağışlı, palçıqlı günlərdə o ayaqqabıların ətrafı iki-üç dəfə silinərdi. Hələ qarlı, şaxtalı havalarda anam onlara atamın diliylə desək " pürrəngi” çay da verirdi. Atamınsa bir qolunda təzyiq ölçən aparat sallaq olurdu. Ya anam, ya biz tez-tez təzyiqini ölçürdük. Ayaqları isə isti su ilə dolu olan vedrədə. Bu cür pul qazanırdı mənim atam. Hər gün dörd nəfər bir evdən Bakıya yollanırdı. Bir şəhərdən başqasına getmək yetərincə maddiyyat tələb edirdi. Dördümüz də Universitetdə oxuyurduq. Ən az pul mənimlə ortancıl bacıma verilərdi. O zamanın diliylə desək, " üç məmməd”. 
Mən Universiteti bitirdiyim il atam qəfildən dünyasını dəyişdi. Bizim də dünyamız tar-mar oldu. Anam ağlamaqdan gözlərini kor etdi. Bir gözü tamamən tutuldu. Hər gün onun ağlamaq səsiylə oyanırdım yuxudan. O zamanlar vəziyyətimiz heç də yaxşı deyildi. Mən Universitetləri bitirib evdə işsiz oturmuşdum. Hər gün kimlərdənsə mənim işim üçün zəng gözləyirdik. Gözümüz telefonda qalmışdı. 
Bir gün də səhər yenə anamın ağlamaq səsinə oyandım yuxudan. Artıq mənimçün adi bir hal olduğu üçün səbəbini də soruşmadım. İstiqamətimi dəyişib yenidən yatmaq istəyirdim ki, birdən qapı bərk döyüldü. Evdə yalnız ikimiz idik. Qoxduq. Təlaşla qapıya qaçdıq. Qapının arxasında tanımadığımız simayla qarşılaşdıq. Orta yaşlı bir qadın ağlaya-ağlaya divara söykənmişdi. Görünür pilləkənləri qaçaraq çıxmışdı. Əlini sinəsinə qoyub tövşüyürdü. Əvvəlcə yanlış gəldiyini sandıq. Qadın ikimizin də ona necə susqun baxdığımızı görəndə sözə başladı.
-Salam. Qəzənfər müəllimgilin evidir?
Cavab verməmişdən öncə beynimizdə müxtəlif "yəqinlər” yarandı. Mən düşündüm: "Yəqin, atamın ölümündən xəbərsizdi, yanına şagird gətirmək istəyir. Bəs niyə ağlayır? Niyə həyəcanlıdır? Bir də axı atam artıq illər öncə ölmüşdü. Bu günə qədər şagirdlə bizi narahat edən olmayıb”. İçimdəki suallara içimdəcə yarı əminliklə, yarı şübhəci cavab verdim. Nəhayət ki, anam dilləndi:
-Bəli. Amma...
Qadın cümlənin sonunun "o, çoxdan dünyasını dəyişib” olacağını anlayıb sözü anamın ağzındaca qoydu.
-Bilirəm. Olar içəri girim? Xahiş edirəm.
Anamla bir-birimizə baxdıq. Him-cimlə razılaşıb qadını içəri saldıq. O da mafı-qayda ilə girib kresloda oturdu. Əvvəlcə oturduğu yerdəcə otağı süzdü. Divarda atamın böyüdülmüş rəsmini görəndə hönkürməyə başladı. Anam da qadına qoşulub ağladı. Ürəklərini boşaltdıqdan sonra tanışlığa keçdilər. Qonaq əvvəlcə özünü təqdim etdi. Sonra atamdan danışdı. Bizə yenidən onu tanıdırmış kimi bəhs edirdi. Üzündəki günahkarlıq ifadəsi açıq sezilirdi. Oturduğu yerdə qurdalanıb, bir az da qarşısındakı çaydan içib sözünə davam etdi:
-Mən müəllimin xətrini çox istəyirdim. Amma o vaxt imkan belə gətirdi.
Biz hələ də söhbətin nədən getdiyini bilmirdik. Ancaq qadını səhər ağlayaraq bura gətirən nəsə ciddi bir məsələydi. O, çantasını açıb içindən pul çıxardıb mənə uzatdı.
-Al, bu, sənin haqqındır. Atan hər gecə yuxuma gəlib " Get uşaqlarımın haqqını ver” deyirdi. Getdikcə yuxular çoxalmağa başladı. Hər gecə güzümü yuman kimi atanı görürdüm. Bəzən mülayimliklə, bəzən sərt formada məndən sizə çatacaq pulu istəyirdi. Əvvəllər buna bir o qədər əhəmiyyət vermirdim. Ancaq sonradan qorxmağa başladım. Gözümü yummağa çəkinirdim ki, harda olsa indi gələcək. Bu gecə hər şey daha da dəhşətli idi. Bütün gecə məni yuxuda boğub, pulu sizə verməyimi istədi. Hətta məni hədələdi də. Yuxudan duran kimi bura qaçdım. Al, bu pul mənə lazım deyil. Deyin ki, mənim rahatçılığımı qaytarsın. Yalvarıram, ona pulu verdiyimi deyin. 
Qadın danışdıqca səsinin tonu dəyişilirdi. Onun danışığında həm qorxu, həm əsəb, həm minnət vardı. Özümü lap günahkar hiss edirdim. O, sözünü bitirən kimi bir göz qırpımında ayağa durub, ayaqqabılarını geyinib evdən qaçdı. 
Anamla bir-birimizə baxıb sakit, susqun dayandıq. Qəhər bizi boğmuşdu. Anam ovcumu açıb bükülüb, əzilmiş pula baxdı. Bu əlli manat bizə axirətdən gələn pul idi.
Şəhriyyə Qəzənfərqızı



Aztest.info







Reklam yeri:

loading...

xtehsil