AzTehsil.com


Xəbərlər
16 aprel 2017
6 054


"Birinci sinif şagirdlərinə hərflərin öyrədilməsində də onların maraq dairəsinə yaxın bir metod seçmək lazımdır"



"Birinci sinif şagirdlərinə hərflərin öyrədilməsində də onların maraq dairəsinə yaxın bir metod seçmək lazımdır"

 

DİLİMİZİ     SEVƏ   SEVƏ   ÖYRƏDƏK
 
Dilimizin gələcək nəsillərə tədrisi daim aktual mövzu olaraq bizim qarşımızda durur. Nəzərə alaq ki, bunu müxtəlif dövrlərdə pedaqoqlar müxtəlif üsullarla həyata keçirmişlər və zaman-zaman bu yolda müvəffəqiyyət qazanmışlar, indi də biz çalışırıq ki, onların başladıqları bu şərəfli işi ləyaqətlə davam etdirək.
 
Əvvəlcə onu söyləmək istərdim ki, hal-hazırda orta məktəblərdə tədris və təlim strateqiyası dəyişmiş, kurikulum sisteminə keçid gerçəkləşmişdir. Artıq ölkəmizdə 9 ilə yaxındır ki, bu sistem tətbiq edilməkdədir. Təbii ki, bu sistem "Dilimiz necə tədris olunmalıdır ki, gələcək nəsil öz dilini sevsin, yaşatsın, zənginləşdirsin və sevə-sevə gələcək nəsilə ötürsün?” kimi sualı aktual edib. Hər birimiz çox gözəl bilirik ki, Ana dilimiz bizə analarımızın laylarından axıb gələn bir şirinliklə tədris olunur. Hər bir insana öz ana dili doğma və əzizdir.
 
Lakin qeyd etməliyəm ki, Ana dilimizi tədris etmək üçün həmişə xüsusi bir metod və incəlik olmuşdur və bu xüsuslar indi də özünü göstərməkdədir. Yeni tədris sistemimizdə şagirdyönümlülük daha aktual olduğuna görə biz pedaqoqlar çalışmalıyıq ki, Ana dili fənninə şagirdlərdə xüsusi bir sevgi, istək və maraq oyadaq. Bəli, savadlı, istedadlı şagirdlərdə bu sevgi, istək və maraq daha tez formalaşır. Lakin nisbətən zəif oxuyan şagirdlərdə isə bu sevgini, istəyi və marağı oyatmaqda ən böyük yük müəllim və onun seçdiyi metod, üsulun üzərinə düşür. Mən belə düşünürəm ki, bu üsullara məktəbdə Ana dili mövzusunda və ümumiyyətlə başqa mövzularda təşkil olunan tədbirləri, bədii gecələri aid etmək olar. Düşünürəm ki, aşağıda sadaladığım tutarlı arqumentləri oxuduqdan sonra mənimlə razılaşacaqsınız. Mən nəyə görə belə düşünürəm?
 
Çünki bu cür tədbirlərdə ən zəif oxuyan şagird belə müəllim tərəfindən tədbirlərin, gecələrin keçirilməsində fəal iş prosesinə cəlb olunur və həmin şagirddə dəyişiklik baş verir. Bu dəyişikliklər aşağıdakılardan ibarət olur:
 
İlk öncə onu qeyd edək ki, ən zəif oxuyan şagird belə tədbirlərin, gecələrin bədii hissələrinin təşkilində - yəni şeir, musiqi parçalarının ifasında, rolların aparılmasında iştirak edir, bununla da müəyyən biliklər əldə etmiş olur. Beləliklə zəif oxuyan şagird belə hər hansı mövzuda tədbir keçirilirsə o mövzuda  bilikləri əldə etmiş olur.
 
Daha sonra həmin şagirdlərdə bu yolla cəmiyyətə, kollektivə zəif biliklərə malik olduqları üçün passiv yox, aktiv qoşulma şansı yaratmış oluruq. Artıq həmin şagirdlər dərk edirlər ki, cəmiyyətin onlara ehtiyacı var. Bu da onlarda özünə inamı bərpa etmiş olur.
 
Onların içəridə yatmış və bəlkə də özləri, valideynləri, yaxınları, dostları  tərəfindən belə aşkar olunmayan gizli istedadlarını üzə çıxarmış oluruq. Mən fəaliyyət göstərdiyim 230 saylı məktəbdə təşkil etdiyim tədbirlərdə belə halların dəfələrlə şahidi olmuşam və ona görə də bunu tam əminliklə qeyd edirəm. Bu aspektdən Ana dili mövzusunda təşkil etdiyim tədbiri xüsusilə vurğulamaq istərdim. Çünki bu tədbirdə bütün sinif şagirdləri çox fəal iştirak etmiş və hətta ən zəif oxuyan şagirdim belə bu tədbirdə dil, onun tarixi mövzusunda əldə etdiyi bilikləri birdəfəlik yaddaşına həkk etmişdir. Bu yolla onların bilik əldə etməyə, məktəbə, tədris prosesinə maraqlarını artırmağa müvəffəq olmağı bacarmışam.
 
Bundan başqa belə düşünürəm ki, birinci sinif şagirdlərinə hərflərin öyrədilməsində də onların maraq dairəsinə yaxın bir metod seçmək lazımdır. Yəni körpə fidanları nəzəri biliklərlə çox yormaq lüzumsuzdur. Məsələn, "A” hərfini yazmağı öyrədərkən iki qarmaq şəkli çəkirik. Daha sonra uşaqların bu şəkil haqqında fikirlərini öyrənirik. Təbii ki, bu zaman şagirdlər tərəfindən müxtəlif fikirlər səslənəcək. Bundan sonra bu fikir və mülahizələrdən bizim məqsədimizə ən yaxın olanlarını seçir və bütün sinfin diqqətini o səmtə yönəldirik. Daha sonra bir dalğalı xətt çəkirik bu zamanda uşaqların bu dalğalı xətt haqqında fikir və mülahizələrini dinləyirik. Yəni uşaqlar bu hərfin yazılışında bir başa iştirak edir və bu onlara yorucu gəlmir. Çünki hər kəs özü üçün maraqlı olan fikri səsləndirir və bu da şagirdlərin tez yorulmasının qarşısını alır. Bu yolla biz şagirdlərin təlim prosesindən tez bezməməsini, çəkinməməsini təmin etmiş oluruq. Əksinə şagirdlər özləri təlim prosesində fəal və aktiv iştirak etməyə maraqlı olurlar.
 
Sevinc Səfərova
Bakı şəhəri  Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbin ibtidai sinif müəllimi



Загрузка...