Yeni məzmunlu magistr proqramları hazırlanıb – Emin Əmrullayev
Dördüncü sənaye inqilabının gətirdiyi reallıqları, rəqəmsallaşmanı, texnologiyaların birləşməsini nəzərə alaraq innovasiyalar və informasiya texnologiyaları, kiber təhlükəsizlik, rəqəmsal marketinq və data analitika kimi ixtisaslar üzrə yeni müasir məzmunlu magistr proqramları hazırlanıb.
Bunu təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, ölkə iqtisadiyyatının mövcud potensialını tam şəkildə qavramaq, qlobal iqtisadi rəqabətdə Azərbaycanın rolunu düzgün qiymətləndirmək kadr hazırlığı ilə vəhdət təşkil etməlidir:
"Ali təhsil sahəsində davamlı, uzunmüddətli və hərtərəfli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün savadlı və hazırlıqlı mütəxəssislər yetişdirilməsini təşviq edirik. Biz ümumi təhsil sahəsində də şagirdlərimizin bu dəyişikliklərə hazırlıqlı olması üçün müxtəlif layihələr çərçivəsində Robototexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, Nano və Neyro texnologiyalar, Mühəndislik modulları əsasında öyrətməni həyata keçiririk. Eyni zamanda təhsilalanlara müasir peşələr üzrə ilkin bilik və bacarıqları aşılamaq üçün peşə təmayüllü sinifləri təşkil edərək prosesin sürətləndirilməsində maraqlıyıq”.