Məktəb, müəllim nüfuzu haqqında danışanda, nüfuzun qorunması məsələsi həmişə müzakirənin mərkəzində dayanır. Çox zaman bu iradlar təhsilə yad olanlara deyilsə də, bəzən müəllimlər arasında da bir-biri ilə anlaşılmaz mübahisəyə gedənlərə, müəllim adına uyğun olmayan çəkişmələrə yol açanlara da təsadüf olunur.
Bu günlərdə Bakı şəhəri 45 nömrəli orta məktəbin müəllimi olmuş Şərafət Abdullayevanın sosial şəbəkələrdə yayılmış ittihamları və məktəbin direktor müavinin səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə təhsil İdarəsinin münasibətini öyrəndik.
Bildirildi ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi olmuş Şərafət Abdullayeva və onun valideyni Qətibə Rüstəmbəyova tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) ünvanlanmış müraciətlərə aidiyyəti üzrə baxılmışdır.
Qeyd edək ki, I sinfə elektron qeydiyyat zamanı Ş.Abdullayevanın adı elektron qeydiyyat sisteminə daxil edilməsinə baxmayaraq, valideynlər həmin müəllimi seçmədiyinə görə müəllimin adına nəzərdə tutulmuş sinif komplektləşməmiş və ona həmin sinif üzrə dərs saatlarının verilməsi mümkün olmamışdır.
Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri, habelə Bakı şəhəri 45 nömrəli tam orta məktəbin dövlət büdcəsindən maliyyələşməsi nəzərə alınaraq, onun tutduğu müəllim ştatının ixtisara düşəcəyi ehtimalı barədə məktəb rəhbərliyi tərəfindən əvvəlcədən Ş.Abdullayevaya məlumat verilmişdir. Bu barədə sonradan məktəbin həmkarlar komitəsinin iclasında da ona xəbərdarlıq edilmiş, eyni zamanda iş yerinin digər ümumi təhsil müəssisələrindən birinə dəyişdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak edə biləcəyi də ona tövsiyə olunmuşdur.
Buna baxmayaraq Ş.Abdullayevanın ailə vəziyyəti nəzərə alınaraq, BŞTİ-nin razılığı ilə məktəb tərəfindən onun tutduğu vəzifə ixtisara salınmamış və o, ibtidai sinifdə yığma dərs saatları ilə təmin olunmuşdur. Bütün bu güzəştlərə rəğmən, Ş.Abdullayeva heç bir əsas göstərmədən 2020-2021-ci tədris ili başlayandan dərsə gəlməmişdir. Vəziyyətə aydınlıq gətirmək məqsədilə müəllimlə əlaqə saxlanılmış, Ş.Abdullayeva işə gəlməyəcəyini və bir daha narahat edilməməsini tələb etmişdir. Müəllim məktəb rəhbərliyinin işə çıxma ilə bağlı müraciətlərini də cavabsız qoymuşdur.
Ş.Abdullayeva əmək qanunvericiliyinin tələblərinə əsasən, üzrsüz səbəbdən işə gəlməməsi ilə bağlı barəsində müvafiq tədbirlərin görüləcəyilə bağlı xəbərdar edilmişdir. Lakin o, qeyd olunanlardan heç bir nəticə çıxarmamışdır.
Bundan sonra müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilmişdir.
Qeyd edilən məlumat və faktlardan da aydın olduğu kimi, Ş. Abdullayevanın səsləndirdiyi fikirlər və ittihamlar əsassızdır.
Müvafiq qanunvericiliyin tələblərindən irəli gələn nəticələrlə razılaşmayan Ş.Abdullayeva və onun valideyni daha sonra məktəb rəhbərliyi ilə əlavə narazılıq və qarşılıqlı mübahisələr yaratmışlar.
Bununla bağlı Ş.Abdullayevanın anası Q.Rüstəmbəyova Bakı şəhəri 45 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazilə Əliyeva barəsində BŞTİ-yə şikayət ərizəsi yazmışdır. Ərizə əsasında araşdırna aparılmış, nəticədə 45 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini N.Əliyevaya "Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən yazılı xəbərdarlıq edilmişdir. Bu barədə Q.Rüstəmbəyovaya 31.03.2021-ci il tarixli məktubla məlumat verilmişdir.
Eyni zamanda məsələ ilə bağlı Bakı şəhəri 45 nömrəli tam orta məktəbin rəhbərliyinə pedaqoji kollektiv arasında sağlam mühitin yaradılması və qorunub saxlanılması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. azedu.az