H/N sənədlər
29 mart 2017
1542

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

 

"Formal təhsilin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Formal təhsilin təşkili Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİ-ZADƏ

Bakı şəhəri, 6 avqust 2010-cu il     № 147

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli 147 nömrəli
qərarı ilə təsdiq edilmişdir


Formal təhsilin təşkili  Q A Y D A L A R I

1. Bu Qaydalar "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və formal təhsilin təşkili məsələlərini tənzimləyir.
 
2. Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır.

3. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.

4. Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir.

5. Təhsil pillələri və səviyyələrində təhsilalma formalarının tətbiqi aşağıdakı kimi müəyyən edilir:

5.1. ümumi təhsil pilləsi üzrə:

ibtidai təhsil səviyyəsində - əyani; 

ümumi orta təhsil səviyyəsində - əyani, sərbəst (eksternat); 

tam orta təhsil səviyyəsində - əyani, sərbəst (eksternat);

5.2. ilk peşə-ixtisas təhsili pilləsi üzrə:

əyani;

5.3. orta ixtisas təhsili pilləsi üzrə:

əyani, qiyabi, distant (məsafədən);

5.4. ali təhsil pilləsi üzrə:

bakalavriat səviyyəsində - əyani, qiyabi, distant (məsafədən); 

magistratura səviyyəsində - əyani, qiyabi; 

doktorantura səviyyəsində - əyani;

5.5. yenidənhazırlanma təhsili üzrə:

əyani;

5.6. təkrar ali və ya orta ixtisas təhsili üzrə:

əyani, qiyabi. 

6. Ümumi təhsil pilləsində qanunvericiliyə uyğun təşkil edilən şagirdlərin evdə təhsili və fərdi təhsili də formal təhsil hesab edilir.

7. Evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsili yalnız əyani və ya distant formada təşkil olunur. 

7-1. Evdə təhsil alan uşaqların ümumi təhsilinin distant formada təşkili qaydaları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.  

8. Formal təhsil ümumi, ilk peşə-ixtisas, orta ixtisas, ali və əlavə təhsil müəssisələrində həyata keçirilir.

9. Formal təhsil Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən müvafiq dövlət təhsil standartlarına uyğun hazırlanmış təhsil proqramları (kurikulumları) əsasında təşkil olunur.

10. Formal təhsilin təhsilalma formaları üzrə müddəti təhsil proqramları (kurikulumları) ilə müəyyən edilir.

11. Sərbəst (eksternat) təhsilalma forması üçün təhsil proqramı (kurikulumu) müvafiq təhsil səviyyəsi üzrə əyani təhsilalma formasının təhsil proqramı (kurikulumu) hesab olunur.

 
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.20 iyun 2012-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 632)

2.30 dekabr 2016-cı il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq” qəzeti, 31 dekabr 2016-cı il, № 292)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

  20 iyun 2012-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 632) ilə təsdiq edilmiş "Formal təhsilin təşkili Qaydaları”nın 7-ci hissəsindən "yalnız” sözü çıxarılmışdır və həmin hissəyə "əyani” sözündən sonra "və ya distant” sözləri əlavə edilmişdir.

  30 dekabr 2016-cı il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq” qəzeti, 31 dekabr 2016-cı il, № 292) ilə "Formal təhsilin təşkili Qaydaları”na yeni məzmunda 7-1-ci hissə əlavə edilmişdir.








Whatsapp'ta Paylaş

Загрузка...
loading...