Noyabrın 25-də Bakı Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş Məzun Forumu keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, dünyanın müxtəlif ölkələrində çalışan BDU məzunları, elmi tədqiqatçılar, müxtəlif təşkilatların və birliklərin nümayəndələri, xarici ölkələrdən gələn qonaqlar iştirak ediblər.
Forumda açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetin yaranması tarixindən və ənənələrindən danışıb. Rektor qeyd edib ki, forumun əsas məqsədi "Universitet – məzun" münasibətləri sistemində inteqrasiya proseslərinin inkişafı, Azərbaycanda təhsilin, elmin və milli mədəni dəyərlərin xaricdə tanıdılması, beynəlxalq təhsil və elmi əməkdaşlığın gücləndirilməsi, beynəlxalq karyera qurmaq üçün BDU daxilində mütərəqqi metodların formalaşdırılması və inkişafı məqsədilə insan resurslarının inkişaf etdirilməsidir. 1919-cu ildə yaradılan sözügedən ali təhsil müəssisəsini indiyədək 180 minə yaxın məzunun bitirdiyini deyən Elçin Babayev bu forumda məzunların bir araya toplaşmasından məmnunluğunu ifadə edib.
Forumda iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə ali təhsilli milli kadrların hazırlanması, əhali arasında savadsızlığın aradan qaldırılması üçün əhəmiyyətli addımlar atılıb. Məhəbbət Vəliyevanın sözlərinə görə, bir əsrlik yaşı olan BDU-nun bu gün özünün müasir dövrünü yaşaması və dünya təhsil sisteminə uğurla inteqrasiya etməsi sevindiricidir. Nazir müavini BDU və digər ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin əksəriyyətinin bu təhsil müəssisəsinin məzunu olduğunu qeyd edib. Məhəbbət Vəliyeva çıxışının sonunda BDU-nun məzunlarının bundan sonra da Azərbaycanın inkişafına böyük töhfə verəcəklərinə əminliyini ifadə edib.
Forumda iştirak edən İnsan hüquqları üzrə müvəkkil, ombudsman Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, ADA Universitetinin rektoru Hafiz Paşayev və Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva BDU-nun tarixi ənənələrindən, ölkənin bu qocaman ali təhsil müəssisəsi, onun müəllimləri barədə xoş xatirələrini bölüşüblər. Çıxış edən qonaqlar BDU-nun bütün məzunlarını təhsil müəssisəsinin 100 illiyi münasibətilə təbrik edib, Azərbaycanın inkişafında BDU-ya davamlı uğurlar arzulayıb.
Həmçinin Bakı Dövlət Universitetinin məzunlarından BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Böyük Britaniyanın Kembric Universitetinin Molekulyar tədqiqatlar laboratoriyasının müdiri, professor Qərib Mürşüdov, Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ölkəmizin elm və təhsil həyatında, yüksəkixtisaslı kadrların hazırlanmasında BDU-nun mühüm rolundan danışaraq universitet-məzun əlaqələrinin yaradılması istiqamətində təkliflərini səsləndiriblər.
Forum öz işini "Bakı Dövlət Universitetinin məzunlarının gələcək birgə fəaliyyət istiqamətləri" mövzusuna həsr olunmuş çıxışlarla davam etdirib. Məzun Forumunda qloballaşan dünyada universitetlərin rolu, yeni çağırışlar və gözləntilər, universitet məzunlarının gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub. edu.gov.az