Oktyabrın 4-də Bakı Konqres Mərkəzində sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsinə dair ölkə Prezidenti İlham Əliyevin göstərişinə əsasən Gənclər Fondu tərəfindən təşkil edilən müsabiqənin qalibləri ilə görüş keçirilib.
Görüşdə Təhsil naziri Ceyhun Bayramov, dövlət rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müsabiqənin qalibi olan gənclər və onların valideynləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək bildirib ki, keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması və savadlı, milli-mənəvi dəyərlərə bağlı gəncliyin yetişdirilməsi, gənclərə dövlət qayğısı ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin əsas sütununu təşkil edir.
Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov da dövlət başçısının gənclərə xüsusi diqqət və qayğısından danışıb. Ceyhun Bayramov insan kapitalının inkişafı konsepsiyasına uyğun olaraq gənclər üçün təkcə son bir ildə yaradılan çoxsaylı imkanlar haqqında ətraflı məlumat verib. Nazir qeyd edib ki, səriştəli mütəxəssislərin yetişdirilməsində ali təhsil sisteminin xüsusi rolu mövcuddur.
Təhsil naziri ali təhsilin daha əlçatan olması üçün davamlı tədbirlərin həyata keçirildiyini bir daha xatırladıb. Dövlət vəsaiti hesabına təhsil alan tələbələrin sayının artdığını deyən Ceyhun Bayramov qeyd edib ki, cari ildə bu göstərici 66 faiz artırılaraq 12300-dən 20500-ə çatdırılıb. Cari tədris ilində tələbələrə verilən təqaüdlərin məbləği orta hesabla 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni və doktorantı əhatə edib.
Həssas sosial qruplardan olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan 100-dən çox tələbəyə Prezident təqaüdünün verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilməsi "hər bir gəncin təhsil ala bilməsi” konseptinin reallaşdırılmasına şərait yaradıb.
Gənclər Fondu tərəfindən keçirilən müsabiqənin də məhz təhsilin hər kəs üçün əlçatanlılığının təmin olunmasına xidmət etdiyini deyən Nazir fondun təhsil məsələlərinə xüsusi diqqət yetirdiyini sözlərinə əlavə edib. Müsabiqədə qalib olan tələbələri təbrik edən Təhsil naziri onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb.
Çıxışının sonunda nazir 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, onlara şərəfli, müqəddəs işlərində uğurlar diləyib.
Görüşdə çıxış edən Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev də gəncləri təbrik edib, onlara yaradılan bu şəraitdən maksimum istifadə edərək, dövlətə yararlı vətəndaş, həmçinin səriştəli mütəxəssis olmalarını arzulayıb.
Müsabiqənin qalibləri çıxışlarında təhsilin inkişafına, onlara göstərilən hərtərəfli dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə qalib olan gənclərin uğur hekayələrindən bəhs edən videoçarxlar nümayiş olunub. Daha sonra müsabiqənin qalibləri ilə təhsil xərclərinin ödənilməsinə dair müqavilələr imzalanıb.
Xatırladaq ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə 2018-ci ildə keçirilmiş müsabiqə nəticəsində 237, builki müsabiqə nəticəsində isə 425 gəncin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi qərara alınıb.