Oktyabrın 3-də Quba rayonuna mediatur təşkil edilib.
Mediaturun məqsədi yeni tədris ilində Quba rayonunda pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüşmək və onların dərs prosesini izləməkdir.
Mediaturda KİV nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də iştirak ediblər.
Mediatur iştirakçıları əvvəlcə Quba rayonu Əsparasti kənd Nurəddin Rzayev adına tam orta məktəbində olublar. Qeyd olunub ki, bu il Əspərasti kənd məktəbinə yüksək bal toplayan 4 yeni müəllim işə qəbul olunub.
Mediatur çərçivəsində ingilis dili müəllimi Aysel Fərəcova, riyaziyyat müəllimi Aygün Məhərrəmova , informatika müəllimi Samirə Məmmədli və tarix müəllimi Orxan Cəfərovun dərs prosesi izlənilib.
Bildirilib ki, Əsparasti kənd Nurəddin Rzayev adına tam orta məktəb 2016-cı ildə tikilib istifadəyə verilib. 180 şagird yerlik məktəbdə 164 şagirdin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur.
Daha sonra mediatur iştirakçıları bu il yeni istifadəyə verilən Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəblə tanış olublar. Bildirilib ki, yeni inşa edilən Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbi bu tədris ilində istifadəyə verilib. 960 şagird yerlik məktəb rayon mərkəzində 2 km məsafədə yerləşir. Hazırda məktəbdə 955 şagird təhsil alır, 76 müəllim pedaqoji fəaliyyətlə məşğul olur.
Mediatur iştirakçıları sinif otaqlarında dərslərin gedişini də izləyiblər. Qonaqlar 2019-2020-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq bu məktəbdə işə qəbul olunan biologiya müəllimi Günel Cəfərova və fransız dili müəllimi Şövkət Orucovanın dərs prosesini izləyiblər.
Daha sonra mediatur iştirakçıları bu il yüksək balla Qəçrəş kənd İbrahim Şahmərdanov adına tam orta məktəbinə işə qəbul olunan gənc müəllimlərlə görüşüblər.
Mediatur zamanı ingilis dili müəllimi Fərəh Şərifova, Azərbaycan dili və ədəbiyyat müəllimi Fidan Ələsgərova, təsviri incəsənət müəllimi Aynur Abasovanın tədris prosesi izlənilib.
Məlumat verilib ki, məktəb 2006-cı ildə tikilib. 240 şagird yerlik məktəb rayon mərkəzindən 12 km məsafədə yerləşir. Hazırda məktəbdə 405 şagirdin təlim-tərbiyəsi ilə 32 müəllim çalışır.
Qeyd edək ki, cari tədris ilində 145 nəfər müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Qubada pedaqoji fəaliyyətə başlayıb. Onlardan 85 nəfər müddətsiz müqavilə, 60 nəfər isə müddətli müqavilə ilə işə düzəlib.
2019-ci ildə Quba rayonu üzrə 600-dən yuxarı bal toplayan 4 məzun müəllim peşəsini seçib. Ümumilikdə isə cari ildə ali təhsil müəssisələrinə qəbul olunan 197 nəfər müəllimlik peşəsini seçib.
Xatırladaq ki, 2019-2020-ci tədris ili üzrə 7 mindən çox müəllim işə qəbul olunub.
Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.
Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı təqribən 55 min olub.
Bu il ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların hər 4 nəfərindən biri və ya 25 faizi müəllimlik ixtisasını seçib.