“Ötən illərlə müqayisədə direktorların işə qəbulu müsabiqəsində gənc namizədlər çoxdur”- Eşqi Bağırov
"Ötən illərlə müqayisədə gənc namizədlərin sayı çoxdur”.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbənin müdiri Eşqi Bağırov deyib.
Bildirilib ki, builki müsabiqədə elektron qaydada müraciət edən 3000-dən çox namizəddən təxminən 1800-ü test imtahanında müvafiq keçid balını toplayıb. Əvvəlki illərlə müqayisədə bu il daha çox namizəd müsabiqədə iştirak etdiyi üçün müsahibə mərhələli şəkildə həyata keçirilir. İlk olaraq, ən çox vakansiya olan bölgələrdən başlanılır. Bu həftə də müsahibələr davam edəcək. Artıq, yeni tədris ilindən məktəblərə kifayət qədər səriştəli direktorlar təyin ediləcək.
Məlumata əsasən, bu həftə 150 nəfərə yaxın namizəd müsahibə mərhələsində iştirak edib. Ötən illərlə müqayisədə gənc namizədlərin sayı artır. Eyni zamanda namizədlərin hazırlığı nəticələri də əvvəlki illərlə müqayisədə yüksəkdir.
Qeyd edək ki, cari ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. 3 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1 643 nəfər iştirak edib. 21-23 avqust tarixlərində Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib.
Avqustun 28-də dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin rayonlar üzrə növbəti müsahibə mərhələsinə başlanılıb. Bu mərhələdə Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 114 namizədin iştirakı nəzərdə tutulur.
Sözügedən rayonlar üzrə müsahibələr avqustun 30-dək davam edəcək. Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.