AzTehsil.com


Xəbərlər / Müəllim
23 avqust 2019
1 821


Təhsildə keyfiyyət müəllimdən başlayır



Təhsildə keyfiyyət müəllimdən başlayır

 

 
Müəllimlərin işə qəbulu üzrə daha bir müsabiqəyə yekun vurulur

"Müsabiqənin son mərhələsidir”, "Artıq iş yerləri məlumdur”, "İşə qəbul olunublar, nədən qorxacaqlar?”, - deyib keçməyin. Həyəcanı büruzə verən, sualı cavablandıra bilməyib gözləri dolan, hətta göz yaşlarını saxlaya bilməyib hönkür-hönkür ağlayan belə var. Azərbaycan Texniki Universitetinin idman zalında hava yenə ağırlaşıb. Bayırda isti, içəridə həyəcan insanı rahat buraxmır. Çünki içəridə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi gedir. 23 masa, hər masanın bir tərəfində peşəkarlardan ibarət üçlük - məktəb direktoru və ya Təhsil Nazirliyinin nümayəndəsi, psixoloq və ixtisas müəllimi, digər tərəfində isə yaşından, təcrübəsindən asılı olmayaraq, müəllim olmaq, müəllimliyə davam etmək istəyən namizədlər oturub. Kənardan hər şey yaxşı görünsə də, yəni, qarşılıqlı şəkildə oturub maraqlı bir məsələ ətrafında müzakirə aparırlarmış kimi təsəvvür formalaşdırsalar da, əslində belə deyil. Yaxınlaşanda görürsən ki, təhsildə öz sözünü demiş peşəkarlar soruşur, qarşılarında oturan namizəd isə bacardığı kimi və bacardığı qədər cavablandırır. Çöhrələrdəki təbəssüm isə birinin daxilindəki təlatümü, digərinin baxışlarından süzülən marağı gizlədə bilmir.

Əksəriyyəti müsabiqənin test mərhələsində müəllim olmaq üçün müəyyən edilmiş keçərli balı toplayıb. Buna baxmayaraq, peşəkarların iti nəzərlərindən, suallarından da keçməlidirlər. Zarafat deyil. Onlar növbəti tədris ilindən siniflərə girib dəcəl, ipə-sapa yatmaz, bəzən diqqətsiz, bəzən köntöy uşaqlarla tam 45 dəqiqə baş-başa qalacaq, şagirdlərinin qurduğu "tələlər”dən məharətlə yayınmalı, sınaqlarından peşəkarlıqla çıxmalı olacaqlar. Odur ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin sonuncu - müsahibə mərhələsinə buraxılan 3728 nəfər namizəd son süzgəcdən keçir.

Namizədlər müsahibədə: içəridə onları nə gözləyir?

Leyla Həsənova bir azdan müsahibə komissiyasının qarşısına çıxacaq. Gənc də deyil, təcrübəsiz də. Ancaq "Həyəcan həmişə var”, - deyir. İbtidai sinif müəllimliyi üzrə təcrübəsi çoxdur, düz 22 il. Test imtahanlarında 48 bal toplayaraq 151 nömrəli tam orta məktəbdə daimi əsaslarla işini davam etdirəcək: "Artıq bir neçə dəfə test imtahanlarında iştirak etmişəm. Hər il imtahanların təşkilinin daha da təkmilləşdiyinin şahidi oluram. Bu il, xüsusən, suallarda da, təşkilatçılıqda da yaxşılığa doğru fərq hiss etdim. Biz müəllimlər imtahan verə-verə təkmilləşdiyimiz kimi, təşkilatçılar da ildən-ilə işini yaxşılaşdırır”.

 L.Həsənova içəridə onu nə gözlədiyini bilir. Bir azdan qarşısında oturacağı müsahibə komissiyasının üzvləri ixtisası da daxil olmaqla, bir çox məsələ ilə bağlı onun fikrini soruşacaq, hansı istiqamətdə yüksək bilik və bacarıqlara sahib olduğunu araşdıracaq, bu və başqa suallarla psixoloji durumu və ümumi dünyagörüşünə dair özlərində rəy formalaşdırmağa çalışacaqlar. Leyla xanım deyir ki, nəinki bu suallara cavab verməyə, elə ixtisası üzrə əvvəlcədən elan olunmuş mövzunu da "açıq dərs” formatında müsahibə komissiyasına təqdim etməyə hazırdır.

Məlumat üçün qeyd edək ki, L.Həsənovanın barəsində danışdığı "açıq dərs” mövzusu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

"Xəbərləri çox izləyin”

 
Görəsən, müsahibədən çıxanlar nə düşünür?

İradə Qəhrəmanova tədrisi başqa dildə aparılan siniflərdə dərs deyir. İbtidai sinif müəllimləri üçün keçirilən test imtahanında 48 bal toplayıb. Dediyinə görə, komissiya üzvlərinin də ona ünvanladığı sualları cavablandırıb. Suallar ona çətin gəlməyib. Özünü R.Əhmədov adına 203 nömrəli tam orta məktəbdə işləmək üçün hazır hesab edir. 

Bu mərhələni uğurla başa vuran daha bir namizəd, Təhmin Talıbzadə komissiya üzvlərinin rəftarından razı qalıb: "Bütün mərhələlərdə şəffaflıq var. Lakin işə qəbul üzrə müsabiqələrin müsahibə mərhələləri ilə bağlı fikirlər birmənalı deyil. Üstəlik, burada peşəkarlarla qarşı-qarşıya oturub onlara metodikadan, ya da ixtisasdan doğru bildiyini danışmaq da asan deyil. Mənim üçün sevindiricidir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində də, əvvəlki mərhələlərdə olduğu kimi, ədalətlilik təmin olunub”.

Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən Təhmin Talıbzadə dünyagörüşü ilə bağlı suallardan üzüağ çıxıb: "Adət-ənənələrimiz, dövlətçiliyimiz, milli irsimizlə bağlı suallar verdilər. Verilən sualların hamısını cavablandırdım”.

Astara rayonunun Sim kənd məktəbinin müəllimi T.Talıbzadə bundan sonra Ovala kəndində  dərs aparacaq: "İxtisas və metodika ilə bağlı sualları cavablandırmaq da mənim üçün çətin olmadı. Test mərhələsində 51 bal topladım. Bir il idi Sim kəndində müvəqqəti müqavilə ilə dərs apardım. Dərs barədə həm nəzəri biliyim, həm də təcrübəm var.  Hətta yaxşı müəllim kimi "Fəxri fərman”la təltif olunmuşam”.

Talıbzadə müəllim olmaq istəyənlərə məsləhət də verir: "Hansısa kursa getməyə ehtiyac yoxdu. Hər kəs bu müsabiqəyə özü hazırlaşa bilər. Məsləhətim odur ki, xəbər proqramlarını izləməyə üstünlük versinlər. Bu, onların məlumatlılığını artırar”.

 

 "Müəllimlərimə baxıb müəllim olmağı arzuladım, onların sayəsində də müəllim oldum”

 Ziya Fətullayevi müəllimliyə təbiətindəki şairlik sövq edib: "Orta məktəbdən poeziyaya həvəsim var. Özüm də yazıram. Müəllimliyə isə məni müəllimlərim sövq etdi. İbtidai sinif müəllimim mənə çox böyük dəstək verdi. Müəllimlərimin sayəsində müəllim olmağı arzuladım, elə onların sayəsində də müəllim oldum”.

Naxçıvan Universitetinin məzunu 53 balla Lənkəranın Tatova kənd tam orta məktəbində 12 saat dərs aparacaq: "Dərs yükümün artacağını deyirlər. Kənd məktəbində məndən əlavə bir qadın, bir kişi müəllimi də var. Ancaq onlar diaqnostik qiymətləndirmədə çox aşağı bal yığıblar. 53 bal topladığımı eşidən məktəb direktoru məni məmnuniyyətlə o məktəbdə görmək istədiyini deyib. Ona görə də Osaküçə kəndindən hər gün Tatovaya getməyin çətin olmayacağını düşünürəm. Məktəb həm də həvəsləndirici tədbirlərin tətbiq edildiyi təhsil müəssisələrindəndir”.

Namizədlər çox hazırlıqlıdırlar

 1 nömrəli müsahibə komissiyasında komissiya sədri, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, psixoloq Səidə Əhmədova və ixtisas müəllimi Elmira Cəbiyeva prosesin gedişindən razıdırlar. Müəllimlərin həyəcanlı olduğunu deyən R.Hacıyevin sözlərinə görə, bir peşəkar olaraq bu həyəcanı qısa zamanda aradan qaldırırlar: "Namizəd oturan kimi keçirdiyi qorxunu aradan qaldırırıq. Komissiya bu məsələdə təcrübəli şəxslərdən təşkil olunur. Sərt, aqressiv münasibət göstərsək, namizədlərdə çaşqınlıq yaranar. Biz namizədlərin bütün bacarıqlarını üzə çıxarmağa, hər birini düzgün qiymətləndirməyə çalışırıq”.

S.Əhmədovanın fikrincə, namizədlər bu il daha hazırlıqlıdırlar: "İstər psixoloji cəhətdən, istərsə də ixtisası üzrə namizədlər çox hazırlıqlı gəlirlər”.

"Məktəblərdə əsl müəllimləri görmək istəyirik”

Lerik rayonunun Bilnə kənd sakini Elvin Həmidov ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alıb. 2017-ci ildə Pedaqoji Kollecin məzunu olan namizəd test mərhələsində 47 bal toplayaraq Lənkəran və Lerik rayonlarından 8 məktəb seçib. Elektron yerləşdirmədə Lənkəran rayonunun Köhnəgəgir kənd ümumi orta məktəbinə müəllim seçilib. 17 nömrəli müsahibə komissiyasının qarşısına da müəllimliyə iddialı namizəd kimi oturub: "Məktəbi bitirib orta ixtisas təhsili müəssisələrinə qəbul üçün imtahan verdim. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə qəbul olundum. Ancaq oxumaqdan imtina edib hərbi xidmətə getdim. Müəllim olmaq istəyirdim. Hərbi xidmətdən qayıdıb yenidən cəhd etdim və Pedaqoji Kollecə qəbul olundum”.
E.Həmidovla müsahibə götürən komissiya üzvlərindən məktəblərdə kişi müəllimlərə olan tələbatı nəzərə alıb-almadıqlarını soruşuruq. Belə məlum olur ki, müsahibə komissiyasında hədəf də, rəy də fərqlidir. 17 nömrəli komissiyanın sədri, Bakı şəhəri 297 nömrəli tam orta məktəbin direktoru Nailə Cəfərova kişi müəllimliyə namizədlərin sayının az olması fikri ilə nisbətən razılaşır: "Təbii ki, bizim üçün də maraqlıdır ki, məktəblərimizdə kişi müəllimlərin sayı artsın. Ancaq əsas məqsədimiz kişi, ya da qadın olmağından asılı olmayaraq, məktəblərdə əsl müəllimləri görməkdir. Namizədlər arasında kişilərin sayına gəlincə, Lənkəran, Lerik kimi rayonlardan müəllimliyə kişi namizədlərin sayı çoxdur”.

Komissiya üzvləri, 114 nömrəli məktəbin ibtidai sinif müəllimi  Elfira Nurullayeva və Çilov adasında məktəb psixoloqu olan Şükran Dədəyevin fikrincə, müəllim olmaq üçün qadınlar daha yaradıcı, daha həvəslidirlər: "Müəllimlik qadınların təbiətindədir”.  

"Bir” könüllü yetər

Müsabiqənin test və müsahibə mərhələlərində ən çox könüllülərin fəaliyyəti nəzərə çarpır. Müsahibə mərhələsində "Bir” Tələbə-Könüllünün 25 könüllüsü iştirak edir. Namizədlərin hiss və həyəcanının ən yaxın şahidləri də məhz onlardır. Gənc könüllülər üzərlərinə düşən məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlirlər.

Hər gün 800-ə yaxın namizəd müsahibədən keçir

Bir sözlə, 700-dən artıq müəllim də bu gün müsahibədən keçəcək. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə "Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, avqustun 19-dan başlanan prosesdə hər gün 800-ə yaxın namizəd müsahibədən keçib. Məsələn, müsahibənin başladığı ilk gün prosesə Azərbaycan dili, informatika və ingilis dili müəllimi olmaq istəyən 690 nəfər qatılıb. İkinci gün Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif və rus dili müəllimi olmaq istəyən 750 namizəd müsahibə mərhələsində iştirak edib. Müsahibələrin üçüncü günü kimya, musiqi, riyaziyyat, rus dili və ədəbiyyat müəllimi olmaq istəyən 641,  dünən isə coğrafiya, fizika, fiziki tərbiyə və tarix müəllimi olmaq istəyən 657 namizəd sınağa çəkilib.  Bu gün də müsahibələr davam edəcək və biologiya, fransız dili, texnologiya, təsviri incəsənət müəllimi olacaq 736 nəfərin müsahibəyə qatılacağı gözlənilir.

7000 iş yerindən yarısı boş qaldı

Beləliklə, 7000-dən artıq müəllimlik yeri uğrunda mübarizə başa çatır. Həmin yerlərdən 3728-nin sahibi bəllidir. Müsabiqənin sonunda 3500-ə yaxın yer boş qaldı. M.Camalzadə deyir ki, müsabiqə yekunlaşsa da, boş qalan və ya sonradan yaranacaq yerlərə müəllimlərin müddətli müqavilə ilə işə qəbulu davam edəcək.

Xatırladaq ki, bu il 54687 namizəd müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün müraciət etmişdi. Test imtahanlarına onlardan 48204 nəfəri dəvət olundu. Amma həmin mərhələyə 41288 namizəd qatıldı. Növbəti - vakansiya seçimi mərhələsində iştirak edən 23609 namizəddən 14003 nəfər elektron ərizəsini təsdiqlədiyindən müsahibələrə dəvət olunanlar da onların arasından seçildi.

Builki müsabiqədə musiqi, təsviri incəsənət fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42,  fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı isə 42 oldu.

Digər fənlər üzrə isə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 48 müəyyən edilmişdi.

3-5 ilə sığmayacaq böyük fərq

Beləliklə, daha bir müsabiqə yekunlaşdı. Artıq 5 il əvvəlki Azərbaycan məktəbi ilə bugünkü təhsil müəssisələri arasında 3-5 ilə sığmayacaq qədər böyük fərq var. Bu illər ərzində müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirildi. Bu da özünü məktəblərdə göstərdi. 20 mindən çox gənc müəllimin işə qəbul olunması öz nəticəsini verdi. Bu gün birmənalı olaraq hər kəs qəbul edir ki, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb.

 
Azərbaycan müəllimi




Загрузка...
Həmçinin oxuyun:
Müəllimliyə namizədlər iş yeri seçir

Müəllimliyə namizədlər iş yeri seçir

Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA

Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA

Bu müəllim namizədlər vakant seçimində iştirak edə bilməzlər –Keçid balları, qaydalar

Bu müəllim namizədlər vakant seçimində iştirak edə bilməzlər –Keçid balları, qaydalar

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müsahibə mərhələsinin üçüncü günü

Müsahibə mərhələsinin üçüncü günü

Keçid balını ən çox bu fənlərə aid müəllim namizədlər toplayıblar.

Keçid balını ən çox bu fənlərə aid müəllim namizədlər toplayıblar.

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi

Müəllmlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi bugün başa çatır

Müəllmlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi bugün başa çatır

Müsahibə mərhələsi davam edir

Müsahibə mərhələsi davam edir

İşə qəbul olmaq istəyən müəllimlərə - XƏBƏRDARLIQ

İşə qəbul olmaq istəyən müəllimlərə - XƏBƏRDARLIQ

Müəllimlərin işə qəbulu üzrə keçid balı məlum oldu - RƏSMİ

Müəllimlərin işə qəbulu üzrə keçid balı məlum oldu - RƏSMİ

Müəllimlərin işə qəbulu  müsabiqəsi başa çatdı:

Müəllimlərin işə qəbulu müsabiqəsi başa çatdı:

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

TN: Müəllimliyə namizədlər arasında bayrağın rənglərinin mənasını, 20 Yanvarın mahiyyətini bilməyənlər olub

TN: Müəllimliyə namizədlər arasında bayrağın rənglərinin mənasını, 20 Yanvarın mahiyyətini bilməyənlər olub

Namizədlər  bu vaxta qədər elektron ərizələrində vakant yer seçərək ərizələrini təsdiqləyib tamamlamalıdırlar

Namizədlər bu vaxta qədər elektron ərizələrində vakant yer seçərək ərizələrini təsdiqləyib tamamlamalıdırlar

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

"Bu ilki namizədlər çox yüksək nəticə göstərməklə yanaşı peşəkar davranışa malikdir"

"Bu ilki namizədlər çox yüksək nəticə göstərməklə yanaşı peşəkar davranışa malikdir"

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15  sual-15 cavab

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15 sual-15 cavab

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə

İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə