Kolleclərə də ixtisas seçimi başlayıb
Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərin) ixtisas seçimi başlayıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, proses avqustun 5-i saat 23.59-dək internet vasitəsilə həyata keçirilcək.
İxtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
2019/2020-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar "Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər eyni zamanda elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.
Xatırladaq ki, 9-cu sinfi cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün fevral- mart aylarında aparılan qeydiyyatdan keçməyən abituriyentlər (rus bölməsinin abituriyentləri Azərbaycan dili imtahanından məqbul qiymət aldıqları halda) üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulu sistemi də avqustun 5-dək aktiv olacaqdır. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər əvvəlcə qeydiyyatdan keçib sonra ixtisas seçimi edə bilərlər.
Qeyd edək ki, abituriyentlər "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən "Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.