Orta məktəblərdə şagirdlərin dərs yükü məsələsi yenidən gündəmə gəlib.
Təhsil naziri Ceyhun Bayramov son tədris ilinin başlanması ərəfəsində Bakı şəhəri təhsil işçiləri ilə bağlı keçirdiyi konfransda dərs yükünün yüngülləşdiriləcəyi ilə bağlı ciddi tədbirlər planı hazırladıqlarını bildirmişdi: "Şagirdlərin dərs yükü bizi hər zaman narahat edir. Buna görə də bu il məktəbdaxili qiymətləndirmənin dəyişdirilməsi ilə bağlı kifayət qədər iş aparılıb”. Nazirin sözlərinə görə, şagirdlərin dərs yükünün yüngülləşdirilməsini nəzərdə tutan yeni məktəbədaxili qiymətləndirmə layihəsinə də start veriləcək. Həmin sənəd əsasında, xüsusilə ibtidai sinif şagirdlərinin dərs yükünün azaldılması üçün ciddi addımlar atılacaq. Amma nə nazirin verdiyi vədlər, nə də nəzərdə tutulan layihə özünü doğrultmadı.
Dərs yükünə dönüş...
Xatırladaq ki, 2008-ci ildən etibarən Azərbaycan orta ümumtəhsil məktəblərində tədris prosesi yeni standartlarla qurulmağa başlayıb. Yəni tədris kurikulum standartları ilə davam etdirilir. Amma bununla belə, kurikulumun reallaşmasında da problemlər var. Hətta bir müddət əvvəl kurikulumun ləğvi məsələsi də gündəmə gəlmişdi. Amma məsələ açıq qaldı. Bir sözlə, Azərbaycan dərsliklərində və təhsilində kurrikulum tam olaraq reallaşa bilməyib. Bir tərəfdən də dərs yükünün ağırlığı bu məsələnin üzərinə əlavə yük qoymuş olur. Bu gün istər ibtidai, istərsə də yuxarı siniflər üçün çap olunmuş dərsliklərin informasiya yükü həddindən artıq ağırdır. Təhlillər göstərir ki, əslində, dərsliklər dərs proqramına uyğun tərtib edilmir. Tərtibatda verilən tapşırıqlar daha çox məntiq və dolayı həll variantları üzərində qurulub. Bunun mexanizmi isə, nəinki şagirdlərə, heç müəllimlərə də aydın olmur. Çünki məntiq ayrıca bir fənn kimi tədris olunmalıdır. Azərbaycandan başqa digər dünya ölkələrində məntiq ayrıca fənn olaraq keçilir. Bu isə ali məktəblərə qəbulda şagirdlərə yardımçı rol oynayır.
Həkim: Nevroz, əsəb gərginliyi, qamət pozğunluğu
Həkimlər də dərs yükünün ağırlığından şikayətlənirlər. Dəfələrlə pediatr və psixoloqlar bununla bağlı həyəcan təbili çalıblar. Bildirirlər ki, dərs yükünün ağırlığı fiziki, zehni qüsurlarla yanaşı, həm də uşaqlarda nevroz, görmə zəifliyi, qamət pozğunluğu və digər fəsadlara yol açır. Çünki hər bir uşaq inkişafda olan yaş dövrünü yaşayır. Onların həyat tərzi elə qurulmalıdır ki, bu inkişafa heç nə mane olmasın. Uşağın üzərinə düşən yük - istər fiziki, istərsə də zehni olsun - düşünülmüş halda normallaşdırılmalıdır. Uşaq çox yükləndikdə, ilk növbədə onun sağlamlığına ciddi ziyan dəyir. Nəticədə nevroz, əsəb gərginliyi, daha sonra isə miopiya (yəni görmə zəifliyi), qamət pozğunluğunun müxtəlif növləri, həzm orqanlarının xəstəlikləri, yorğunluq və s. patologiyalar meydana çıxa bilər. Beləcə, kiçik yaşlı məktəblilərdə ilk günlərdən tədrisə, oxumağa, yazmağa, öyrənməyə mənfi münasibət formalaşır. Azərbaycanda dərs yükünə səbəb olan digər problem dərsliklərə nəzarət edən qurumun olmamasıdır. Dövlət standartlarına uyğun dərsliklər yazılmır. Sadəcə, dərsliklərin yazılması üçün Təhsil Nazirliyi sifariş verir və tender elan edir. Elan edilən tenderə bir neçə müəllif daxil olur. Dövlətin bununla bağlı müəyyən etdiyi qiymətləndirmə balı var. Bu 100 baldır. Həmin balı keçən dərslik qalib elan olunur. Məsələn, 5 dərslik tenderə daxil olub, amma heç biri 100 bal yığmayıb. Hətta 1, 2, 3, 4 və 5 bal yığılıb. Təhsil Nazirliyi məcbur olur tenderdə qalib gəlməyən amma ən yüksək bal toplayan dərsliyi ən keyfiyyətsiz olsa belə, qəbul edib orta məktəblərə göndərir. Bu məsələdə olan sistemsizlik və boşluq illərdir ki, davam edir. Problem isə köklü surətdə birdəfəlik yoluna qoyulmur.
"Dərsliklər tərtib edilərkən yaş səviyyəsi nəzərə alınmalıdır"
Yeri gəlmişkən, ümumtəhsil məktəblərində tədris olunan dərsliklərlə bağlı yeni tələblərin müəyyənləşəcəyi bildirilir. Təhsil Nazirliyinin növbəti addımı özlərinin dedikləri kimi, səpələnmiş formada olan dərslikləri müəyyən normaya salmaqdır. Təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan "Ümumi təhsil haqqında" qanunla bağlı çıxışında dərsliklərlə bağlı bəzi məqamlara toxunub. O, deyib ki, bu gün dərsliklərlə bağlı normativ baza olsa da, onlar səpələnmiş formadadır. Bunun üçün müəyyən tələblər müəyyənləşməlidir:
"Tələblər müxtəlif də ola bilər. Təbii ki, tədris proqramlarına uyğun tələblər müəyyən olunmalıdır. Dərsliklərdə yer alacaq faktlar mötəbər mənbələrdən əldə edilməli, müasir olmalıdır. Dərsliklər tərtib edilərkən yaş səviyyəsi nəzərə alınmalıdır".
İ.İsayev qeyd edib ki, dərsliklər tərtib edilərkən orada milli-mənəvi və bəşəri dəyərlərə zidd fikirlər yolverilməzdir: "Məlumatlar məntiqli və sadə olmalıdır. Bununla bağlı Təhsil Nazirliyi müvafiq qaydalar hazırlayır və güman ki, yaxın vaxtlarda təsdiq ediləcək".
Dərsliklərlə bağlı problemi illərdir ki, görməzdən gələn Təhsil Nazirliyi hələ indi oyanıb ki, dərs vəsaitləri tərtib edilərkən şagirdlərin yaş səviyyəsi nəzərə alınmalıdır. Belə çıxır ki, akademik səviyyədə tərtib olunan dərsliklərə təhsilbaşbilənlərinin özləri nəzər belə yetirməyiblər.
Dərs yükünün ağırlığı kateqoriyasına aid olan məqamlardan biri də təmayülləşmədir. Təhsil islahatının tərkib hissəsi olan təmayülləşmə sahəsində də ciddi irəliləyiş və nəticələr yoxdur. 3 ildir ki, orta məktəblər təmayülləşməyə cəlb edilib. Amma Təhsil Nazirliyi bu illər ərzində təmayülləşmə ilə bağlı statistika və nəticə açıqlamır.
Maraqlıdır, Təhsil Nazirliyi illərdir ört-basdır etdiyi eyiblərini dəf etmək üçün gərəkli islahatlara başlayacaqmı?
Mövzu ilə bağlı "Cümhuriyət” qəzetinə açıqlama verən təhsil məsələləri üzrə ekspert Elşən Qafarov Təhsil Nazirliyinin bu sahədəki formal addımlarından danışıb. O, deyib ki, nə qədər ki, Ceyhun Bayramov, Eşqi Bağırov, Emin Əmrullayev, Rəşad Tağıyev kimilər təhsili idarə edəcəklər, bu sahədə ciddi irəliləyiş gözləmək mümkün deyil:
"Yalandan "narahat oluruq” deyə bilərlər. Amma keçən müddət də göstərdi ki, Təhsil Nazirliyini idarə edən bu komanda əslində hər hansı bir dönüş etmək iqtidarında və bacarığında deyillər. Əksinə, təhsildə olan-qalan təməllər və sütunlar da dağıdılıb. Bu gün təhsil hansı səviyyədədir, cəmiyyət bunu yaxşı görür. Şagirdlərin vəziyyətindən danışırıqsa, burada hökmən pedaqoji bir kadr olmalıdır ki, doğrudan da, dərs yükünün normasının hansı səviyyədə olmasını müəyyən edə bilsin. Bu gün Təhsil Nazirliyində təmsil olunan rəsmilərin çıxışları formalizmdən başqa bir şey deyil. Kurikulumlar sadələşdirilməli, dərsliklər hazırki şagirdlərin və müəllimlərin ümumi vəziyyətinə uyğunlaşdırılmalıdır. Burada şagirdlərin öyrənmə bacarığı deyil, həmçinin müəllimlərin peşəkarlıq səviyyəsi uyğunlaşdırılmalıdır. Dərsliklər konkret olaraq dövlətin təhsilə aylırdığı büdcənin talanması üçün əsas vasitələrdən biridir. Hər il 200 adda, 25 milyon nüsxədə kitab çap olunur. Hər il bir bəhanə ilə tədris ilinin bitməsinə az qalmış guya dərsliklərdə problem olduğu və tədbirlər görüləcəyi bildirilir. Hər il də dərsliklər təzələnir. Yaxşı, dövlət büdcəsi niyə bu qədər dağıdılır?”.
Elşən Qafarov qeyd edib ki, 2014-cü ilin 30 oktyabrında Nazirlər Kabinetinin 362 nömrəli qərarı ilə təhsil ilinin müddəti uzadılıb:
"Burada nə dəyişildi? Yenə də şagirdlər gündəlik 7-8 saat dərsdə olurlar. Əgər təhsil müddətini uzadırıqsa, gündəlıik dərs saatlarının miqdarını azaltmalıyıq. Bu da yerinə yetirilmir. İbtidai siniflərdə 20 saat, 5-9-cu siniflərdə 25 saat, 10-11-ci siniflərdə isə 30 saatlıq dərs yükünun olması isə şagirdlərə ağırlıq gətirir”.
Təmayülləşmə formal xarakter daşıyır...
Ekspert təmayülləşmə məsələsinə də toxunub. O, bildirib ki, təmayülləşmə 12 illik təhsil təsdiq olunduqdan sonra tətbiq olunmalı idi:
"Bu gün Azərbaycan təhsili təmayülləşməyə hazır deyil. Baxmayaraq ki, ölkənin ümumtəhsil məktələrinin 50 faizindən artığı təmayülləşməyə keçib. Bu sahə ilə bağlı xüsusi proqram olmalıdır. Bundan əlavə, təmayül siniflərin özlərinin dərs vəsaitləri olmalıdır. Bu dərs vəsaitləri yoxdur. Hətta elə biabırçı vəziyyət yaranıb ki, aparıcı təmayül liseylərimizin özlərinin belə, fərdi dərslikləri yoxdur. Digər bir tərəfdən təmayül siniflərdə dərs deyən müəllimlər hansı kriteriyalara uyğun seçilirlər? Bunun üçün də mexanizm yoxdur. Guya deyirlər ki, diaqnostik qiymətləndirmədir, o da özünü doğrultmur. Təmayül siniflərdə dərs deyən müəllimlərin əməkhaqqında hansı fərq var? Bu müəllimlərin əməkhaqqı digər müəllimlərin maaşından fərqlənməlidir. Yəni təmayül sinifdə dərs deyən müəllimlərə 15 faiz artıq əməkhaqqı ödənilir. Bir müddət bu məsələ tərəfimizdən qaldırıldı və regionlarda bu tətbiq edildi. Amma 2 aydır ki, yenə bu əməkhaqqı tutulur. Bir sözlə, təmayülləşmə bərbad haldadır, adı var, özü yoxdur. Əgər bu sahədə müsbət nəticə varsa, Təhsil Nazirliyi ortaya çıxsın və təmayülləşmədə oxuyan şagirdlərin qəbul göstəricilərini açıqlasın. Bu statistikanı açıqlaya bilirlərmi? Yox... Çünki bu məsələ formal olaraq həyata keçirilir”.