"Dərs yükünün ağırlığından şikayət edən valideynlər var və onların arasında haqlı olanlar da mövcuddur”.
Aztehsil.com xəbər verir ki, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Azərbaycan” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, dərs proqramının öhdəliklərini yerinə yetirmək lazımdır, amma proqramın tələblərini hansı müəllimin necə yerinə yetirməsi artıq fərdlərə aiddir: "Çünki müəllim dərslikdəki tapşırığı anlaşılan dilə çevirməklə, dərsi yaradıcı qurmaqla, müxtəlif vasitələrdən istifadə etməklə şagirdə çatdırır və bununla da həm keyfiyyətə nail olur, həm də dərslikdən başqa alternativ öyrənmə üsullarını şagirdə təqdim edir. Nəticədə proses ona ağır və yüklü görünmür”.
Nazir müavininin sözlərinə görə, ikinci qrup müəllimlər də var və onlar dərslikdə verilən materialla kifayətlənir, alternativ vasitələr axtarmır: "Nə şagird yüklənir, nə də müəllim əlavə əziyyət çəkir, amma şagirdin hansı səviyyədə faydalanmasına gəldikdə, aydın məsələdir ki, bu, birinci ilə müqayisədə çox da yaxşı nümunə deyil. Üçüncü kateqoriya müəllimlər isə nəinki dərsliklə kifayətlənir, eyni zamanda, dərslikdən əlavə lazımsız resurslardan istifadə edir. Bəzən müəllim heç bir mənbədə məlum olmayan, müəllifi tanınmayan, etibarsız mənbələri sinifə gətirməklə şagirdlərin fəaliyyətini "genişləndirir”, başqa tərəfdən də çoxsaylı ev tapşırıqları verməklə onları yükləyir. Bu da müəyyən uşaqlar üçün həm maraqsız, həm də yorucu görünür. Bəzən müşahidə edirik ki, sosial şəbəkələrdə hansısa mətndən bir parça qoyublar və böyük tənqid atəşinə tutulur ki, Təhsil Nazirliyi hara baxır? Günah həmin vəsaiti dərsdə tətbiq edən müəllimdədir”.
Əlavə tapşırıqlarla şagirdlərin yüklənməsi məsələsinə də aydınlıq gətirən M.Vəliyeva söyləyib ki, birinci sinif şagirdinin yazı yazmaq bacarığı vacibdir: "Digər tərəfdən də rəqəmsal texnologiyanın tətbiqindən danışırıq və başa düşürük ki, orada xəttin gözəlliyi o qədər də önəmli deyil və bu mənada şagirdlərdə vacib bacarıqlar formalaşdırılmalıdır. Müəllimlər şagirdə fərdi yanaşmalıdır, onların maraq dairələrini öyrənib, tədris prosesini hər birinin ehtiyacına uyğun qurmalıdır. Bunun üçün müəllimdən əlavə vaxt, öz üzərində işləmək, yaradıcılıq, öz peşəsinə vurğunluq tələb edilir. Amma təəssüf ki, heç də bütün müəllimlərimiz peşəsinin vurğunu deyil. Belə olduqda müəllimlər şagirdin nəticə əldə etməsinin yeganə yolunu onu yükləməkdə görürlər. Düşünürlər ki, şagird çox yazarsa, eyni tapşırığı bir neçə dəfə yerinə yetirərsə, onda vərdiş formalaşdıracaq və biliyi möhkəmlənəcək. Amma bu, yanlış yoldur. Şagirdin öyrənmə prosesini maraqlı etmək üçün onun rəngarəngliyinə çalışmaq lazımdır”.
M.Vəliyevanın sözlərinə görə, müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı məlum olub ki, bu gün məktəblərdə öz ixtisasını 20-30 faiz bilən müəllimlər var: "Bu müəllimlər zamanında, müxtəlif şəraitlərdə təhsil sisteminə daxil olub və indi də çalışırlar. Qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlər üçün nazirlik əlavə olaraq ixtisasartırma təlimləri təşkil etdi və onlardan bəziləri öz nəticəsini həqiqətən, yaxşılaşdırdı. Elə müəllimlərimiz də var ki, bu gün öz ixtisasları üzrə 0-9 bal arası nəticə göstəriblər. Aralarında da elələri var ki, bu yaşdan sonra onları yenidən hazırlamaq mümkün deyil. Bundan sonraki dövr sertifikatlaşdırma mərhələsidir ki, bu da həmin müəllimlərin öz üzərində ciddi çalışmasını tələb edir. Bundan bir ajiotaj, narahatçılıq da yaratmaq lazım deyil. Əlbəttə ki, heç bir valideyn istəməz ki onun övladına savadsız müəllim dərs desin. Bir savadsız müəllimi sistemdən kənarlaşdıranda da, o müəllim harasa şikayət edəndə də, hamı bunu anlayışla qəbul etməlidir”.