"Səhv etmirəmsə, dövlət məktəblərində hər şagirdin xərci 1000 manat civarındadır. Şagird özəldə oxuyursa, məntiqlə dövlət büdcəsindən 1000 manatadək yük azalır. Həmin məbləği şagirdin müəlliminə və ya getdiyi özəl məktəbin hesabına köçürsünlər”.
Bu sözləri AzEdu.az-a iqtisadiyyatçı Natiq Cəfərli "Ümumi təhsil haqqında" qanun layihəsinin birinci oxunuşunda özəl orta məktəblərlə bağlı səslənən fikirlərə münasibət olaraq bildirib. O, qeyd edib ki, söhbət özəl sektordan gedirsə, dövlət tərəfindən hər hansı müdaxilə doğru deyil:
"Qiymətləri dövlət tənzimləsə, bu, artıq özəl sektor sayılmaz”
"Çünki özəl müəssisələrin öhdəliyi yalnız vergi məsələləri ilə bağlıdır. Onlar vergini vaxtında verir, heç bir problemləri yoxdursa, dövlətin qiymət siyasəti tətbiq etməsi, qiyməti diqtə etməsi doğru olmazdı. Dövlət yalnız özəl orta məktəblərə uyğun standartlar müəyyənləşdirə bilər. Təhsil Nazirliyi və ya müvafiq icra qurumu bu standartların müqavilində ödənişin hansı qiymət diapazonunda olması ilə bağlı tövsiyə xarakterli əsasnamə hazırlaya bilərlər.
Amma qiymətləri dövlət tənzimləsə, bu, artıq özəl sektor sayılmaz. Çünki qiymət rəqabətli mühitə görə formalaşır. Dövlət yalnız təşviq etmək və ya qaydalar müəyyənləşdirməklə qiymətlərə müəyyən dərəcədə təsir göstərə bilər.
Vergi güzəştləri tətbiq etməklə də özəl orta təhsil müəssisələrində qiymətlərin aşağı düşməsinə şərait yaratmaq olar. Vergilər azaldılsa, onlar da qiymətləri aşağı salmaqda maraqlı olarlar”.
Dünya təcrübəsi- Kilsə və bələdiyyələrin maliyyələşdirdiyi özəl məktəblər...
Onun sözlərinə görə, dünya tarixində qiymətlərin aşağı düşməsi üçün ən yaxşı metod rəqabətli mühit sayılıb:
"Özəl sektordakı məktəblərin sayı çox, verdiyi təhsilin səviyyəsi daha da yüksək olsa, qiymətlər aşağı düşə bilər. Bu, dövlətin tənzimləyəcəyi sahə deyil.
Ümumiyyətlə, özəl orta məktəblərin qiyməti ölkəyə görə dəyişir. Amerika başqa bir sistemdir. Orada dövlət bu sahəyə müdaxilə etmir. Yeganə güzəşt təhsil proqramları ilə bağlıdır. Məsələn, məktəblər tədris proqramında öyrədilməli olan istiqamətlər üzrə daxili proqramlarını hazırlayırlar.
Avropada məsələ bir az fərqlidir. Orada özəl məktəblərin bir hissəsini kilsə maliyyələşdirir. Məktəb kilsədən yardım aldığına görə özəl orta təhsil müəssisələrində qiymətlər daha ucuzdur. Məsələn, İrlandiyada bu tətbiq olunur.
Bəzi ölkələrdə isə qiymətlərin tənzimlənməsində bələdiyyələr rol oynayır. Onlar müəyyən təhsil məktəblərinə rotasiyalar verirlər. Bu isə qiymətlərin aşağı düşməsinə səbəb olur”.
O bildirib ki, dünya təcrübəsində müxtəlif yanaşmalar olsa da, ən azından bazar iqtisadiyyatı olan ölkələrdə dövlətin özəl sektorda qiymət müəyyənləşdirmək təcrübəsi yoxdur. Hökümətlər yalnız müəyyən addımlar, təşviq siyasəti, güzəştlərlə qiymətlərin formalaşmasına təsir göstərirlər.
Təklif: "Bu yolu Azərbaycanda da tətbiq etmək olar”
İqtisadiyyatçı özəl məktəbləri əlçatan etməyin başqa bir maraqlı yolunu da açıqlayıb:
"Bəzi ölkələrdə dövlətin hər şagirdə çəkəcəyi xərci öncədən hesablayırlar. Yəni, həmin şagird dövlət orta təhsil müəssisəsində oxusaydı, ona büdcədən nə qədər maliyyə sərf olunardı? Büdcədən ayrılmalı olan həmin vəsaiti özəl məktəbdə təhsil alan şagird və ya onun valideynlərinə qəbz şəklində verirlər. Şagird həmin qəbzi oxuduğu özəl məktəbə təqdim edir, çatışmayan qismi isə özü ödəyir.
Azərbaycanda da bu yolu da tətbiq etmək olar. Səhv etmirəmsə, dövlət məktəblərində hər şagirdin xərci 1000 manat civarındadır. Şagird özəldə oxuyursa, məntiqlə dövlət büdcəsindən 1000 manatadək yük azalır. Həmin 1000 manatı şagirdin müəlliminə və ya getdiyi özəl məktəbin hesabına köçürsünlər”.
Natiq Cədərli onu da qeyd edib ki, dünya təcrübəsində tətbiq edə biləcəyimiz formalar en qədərdir, sadəcə bununla bağlı mühüm sənədlər işləyib hazırlamaq lazımdır.
Qeyd edək ki, Milli Məclisin dünən keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov özəl orta məktəblərin ödənişlə bağlı dövlətə hesabat verməməsindən gileylənib:
"İstər ali, istərsə də orta özəl təhsildə hər kəs istədiyi qiyməti qoyur. Heç bir əsas da göstərmir ki, qiymətlər niyə belədir? Birinin qiyməti 1000, digərinin 5000, o birinin isə 7500 manatdır. Baxdıqda görürük ki, bahalı məktəblərin müəllimləri dövlət məktəblərində çalışan müəllimlərdən çox məvacib almır. Belə olan halda, o boyda maliyyə hara gedir? O maliyyə təhsilə gedirmi? Bunlar müəyyənləşdirilməldir”.