Məktəb şagirdin beyninə elmi biliklər yerləşdirməklə yanaşı, həm də insan yetişdirən, ona şəxsiyyət qazandıran müəssisədir. Bu baxımdan ümumtəhsil məktəblərdə sinif nümayəndələrinin seçilməsi, onların düzgün fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Lakin Azərbaycanda adətən, şagirdlərə sinif nümayəndəsi seçmək hüququ verilmir, həmin şəxslər valideynlərin və ya başqalarının müdaxiləsi ilə təyin edilir.
Belə olduğu halda, sinif nümayəndəsinin kollektiv arasında nüfuzu olacaqmı? Əslində sinif nümayəndələri hansı şərtlərə cavab verməlidir?
Təhsil eksperti Nadir İsrafilov AzEdu.az-a açıqlamasında bildirib ki, məktəblərdə sinif nümayəndələrinin fəaliyyətinə diqqət artırılmalıdır:
"Hər şeydən əvvəl qeyd edim ki, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri də təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsidir. Digər bir məsələ, ümumtəhsil məktəbinin idarə olunması aşkarlıq, şəffaflıq və demokratik prinsiplərinə əsaslanır. Yəni ümumtəhsil məktəbinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə məktəbdə idarə və özünüidarə orqanları yaradıla bilər.
Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinə əsasən təhsilalanlar - şagirdlər, təhsilverənlər - müəllimlər, tərbiyəçilər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, loqopedlər, dərnək və musiqi rəhbərləri, uşaq birliyi rəhbərləri, çağırışaqədərki hazırlıq rəhbərləri, pedaqoji fəaliyyətlə məşğul olan digər işçilər, valideynlər və ya digər qanuni nümayəndələr, təhsili idarəetmə orqanları ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin iştirakçıları hesab olunurlar. Başqa sözlə, bu subyektlərin təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək hüququ təhsil qanunvericiliyi ilə bilavasitə tənzim olunur. Pedaqoji prosesin iştirakçıları arasında qarşılıqlı münasibətlərin, özünə münasibətin, pedaqoji və şagird kollektivlərində şəxsiyyətlərarası münasibətlərin, bu kollektivlərin məqsədyönlü formalaşdırılması və idarə olunması təhsil müəssisələrində idarəetmənin əsas funksiyalarından biridir.
Bu mənada "sinifkom"lara nəinki ehtiyac var, əksinə onların fəaliyyətinə diqqət daha da artırılmalıdır. Onların qabiliyyət və bacarığını aşkara çıxarmaq, məktəbin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış etmək, təkliflər irəli sürmək, işgüzar, yaradıcı, tənqidi fikir söyləmək, sinif kollektivi ilə razılaşdırılmış fikir və mülahizələri ümumiləşdirmək, sinif rəhbəri və uşaq birliyi rəhbəri ilə qarşılıqlı əməkdaşlığı üçün onlara imkan və şərait yaradılmalıdır”.
Ekspert qeyd edib ki, bu istiqamətdə valideynlərin müdaxiləsi yolverilməzdir:
"Hazırda orta məktəblərdə sinif nümayəndəsi, ali məktəblərdə qrup nümayəndəsi ("starosta") adlanan "sinifkom"lar sovet təhsil sistemində də olub. Hətta o dövrlər "təmizkom”lar, sinif divar qəzetlərinin redaktorları və redaksiya heyətinin üzvləri də sinif ictimai özünüidarə forması kimi fəaliyyət göstəriblər və bunun da şagirdlərin erkən idarəetmə vərdişlərinə yiyələnməsində az əhəmiyyəti olmayıb.
O ki qaldı sinif nümayəndələrinin seçiminə, əlbəttə, təhsil göstəriciləri ilə yanaşı, seçiləcək sinif nümayəndəsinin liderlik xüsusiyyətləri də nəzərə alınmalıdır. Bu seçimdə valideynlərin məktəb direktoruna, direktorun sinif rəhbərinə, sinif rəhbərinin sinfin yekdil rəyinə yersiz müdaxilələri yolverilməzdir. Bir də ki, bütün sahələrdə "kapitan” olduğu halda "sinfin kapitanı” niyə olmamalıdır…?”.