Rezidenturaya qeydiyyat üçün lazım olan sənədlər - SİYAHI
Artıq rezindeturaya qəbul imtahanlarının ixtisas seçimi müsabiqəsinin nəticələri bəlli olub. Rezidenturaya qəbul olunan namizədlər öncə Səhiyyə Nazirliyi, daha sonra isə qəbul olunduqları klinikada qeydiyyatdan keçməlidirlər. Səhiyyə Nazirliyində qeydiyyat ixtisaslara uyğun olaraq 7-14 sentyabr taixlərində, şənbə və bazar günləri istisna olmaqla həyata keçirilir.
Rezidenturaya qəbul olunanlar nazirlikdə qeydiyyat üçün "Şəxsi kabinet”in istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və müvafiq sənədləri təqdim etməli, nazirliklə mülki-hüquq müqaviləsi bağlamalıdırlar.
AzTehsil.com Səhiyyə Nazirliyinə istinadən məlumat verir ki, nazirlikdə qeydiyyat üçün namizədlərdən aşağıdakı sənədlərin əsli və surətini şəxsən təqdim etmək tələb olunur:
-Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, əcnəbilər üçün pasport və ya icazə vəsiqələri, vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə hüdudlarından kənara getmək üçün sənəd və ya icazə vəsiqələr, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün şəxsiyyət vəsiqəsi, qaçqın və ya məcburi köçkün statusu alanlar və ailə üzvləri üçün qaçqın və ya məcburi köçkün vəsiqəsi, onlara verilmiş yol sənədi, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənəd və ya icazə vəsiqələri;
-Baza ali tibb təhsili haqqında diplom;
-Xarici ölkələrdə ali təhsil almış şəxslər üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədlər;
-Xarici ölkələrdə ali ixtisas təhsili alan, diplomdan sonra ixtisaslaşma keçən, Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər üçün Səhiyyə Nazirliyi tərəfindən verilən "Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”.
Qeyd edək ki, rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.