AzTehsil.com


Xəbərlər / Müəllim / Maraqlı
17 may 2018
2 699


Hərənin öz tarixi, və yaxud şagirdlərə tarixi müxtəlif ölkələrdə necə çatdırırlar?



Hərənin öz tarixi, və yaxud şagirdlərə tarixi müxtəlif ölkələrdə necə çatdırırlar?

 


Məşhur fransız tarixçisi, Avropa və keçmiş SSRİ üzrə mütəxəssis Mark Ferro 1981-ci ildə "Dünyanın müxtəlif ölkələrində uşaqlara tarix dərsini necə keçirlər” adlı kitab yazıb. Bu kitab indiyə qədər dəfələrlə yenidən çap olunub. Həqiqətən də uşaqlarımız tarix dərsliklərini oxuyarkən, yaxud elə biz də kitablara bir gözardı nəzər yetirdikdə düşünürükmü ki, eyni mövzunu misal üçün, İtaliya məktəblərində necə keçirlər? 

Məktəb dərsliklərindəki istənilən mövzunu qaldırsaq görərik ki, hətta bir neçə əsr əvvəl baş vermiş hansısa tarixi hadisəyə müxtəlif ölkələrdə fərqli münasibət var. Bu da əsas etibarilə dövlətin imici, reputasiyası, maraqları və belə demək mümkündürsə, hətta rəsmi siyasəti ilə bağlı məsələdir. Bir az da irəliyə gedib söyləyə bilərik ki, tarix dərslikləri dövlət təbliğatının bəlkə də əsas sütunlarından biridir. Hər bir xalqın öz qəhrəmanları və düşmənləri, mifləri və reallıqları, gizlətmək istədiyi və yaxud əksinə, milli özünüdərkin formalaşdırılmasında gen-bol istifadə etdiyi tarixi hadisələr var. Bu prosesi dövlət fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyil. 

Götürək Azərbaycanın bu gün mövcud olan ən ağrılı problemi - Ermənistan tərəfindən torpaqlarımızın işğalı faktını. Ermənistanda məktəb dərsliklərində Qarabağın tarixən kimə məxsus olduğuna dair obyektiv yanaşma ilə rastlaşacağımızı gözləmək əbəs olardı. Təbii ki, tarixi saxtalaşdırmaqla ad çıxarmış ermənilər əzəli Azərbaycan ərazilərinin həmişə ermənilərə "məxsus olduğunu” hər vəchlə sübut etməyə çalışırlar. Yaxud II Dünya müharibəsinə dair mövzular Rusiya və Almaniyanın məktəblərində istifadə olunan tarix dərsliklərində eyni şəkildə təqdim edilə bilməz. 

Beləliklə, eyni tarixi olaya müxtəlif ölkələrdə tarix dərsliklərində yanaşma və təqdimat necədir? Yaxud M.Ferronun deyimi ilə: Dünyanın müxtəlif ölkələrində uşaqlara tarix dərsini necə keçirlər?

Kino və opera vasitəsilə tarix

Ferronun yazdığına görə, İspaniyada tarix dərslikləri elmi araşdırmanın nəticəsi deyil, sanki bir xalq yaddaşının məhsuludur. Bu ölkədə 3 minədək bayram var və onların əksəriyyəti dini mahiyyət kəsb edir. Tarix dərslikləri də bu bayramlara əsasən tərtib olunub. Ümumiyyətlə, İspaniyanın tarixi azadlıq uğrunda uzun mübarizənin əksi kimi təqdim edilir. Dərsliklərdə Amerikanın kəşf olunmasından sonra Meksika və Perunun işğalı zamanı törədilmiş qətliamlar barədə bir kəlmə olsun belə tapa bilməzsiniz. Yeni qitənin kəşfi ilə start verilmiş intensiv qul ticarəti də sanki heç olmayıb. 

Hindu xalqları - astek, maya və inklərin tamamilə məhvi, Kubadan tutmuş Qvineyayadək qanlı işğallar barədə bir kəlmə belə yoxdur. Aydın məsələdir: hər bir xalq və ya dövlət tarixində olan ləkəli məqamları ört-basdır etmək istəyir. 
Faşist Almaniyası dövründə Adolf Hitlerin göstərişi ilə tarix dərslikləri əksinə tərtib olunurmuş. Yəni, bizim adət etdiyimiz formada - ibtidai icma quruluşundan tutmuş günümüzədək yox, əksinə - ötən əsrin 30-cu illərindən, yəni Hitlerin hakimiyyətə gəlməsindən keçmişə doğru. Hitler dövlət büdcəsindən kino sənayesinə iri məbləğdə maliyyə vəsaitlərinin ayrılmasını şəxsən özü tapşırırmış. O, kinonu dövlət təbliğatının ən güclü silahı hesab edirdi. O vaxtlar orta və ali məktəblərdə tarix dərslərində kino və operaya ciddi yer verilirdi. Yəni, tarixin öyrənilməsində bu iki amilin mühüm rolu olub. 

Ötən əsrin 60-cı illərindən etibarən Almaniyada əsasən gənclər tərəfindən ciddi bir hərəkata start verilir. Gənc nəsil böyükləri nədən faşizmin ayaq açıb yeriməsinə və dünyada bu qədər bəlalara səbəb olmasına göz yumduqlarına görə tənqid edirdi. Bu dövrədək alman məktəblərində II Dünya müharibəsinin səbəb və nəticələrinə dair mövzulara qeyri-rəsmi qadağa mövcud idi. Yalnız vüsət alan gənclər hərəkatından sonra almanlar bu mövzunu dərsliklərə salıblar. Maraqlıdır ki, bütün Almaniya cəmiyyəti tarixi səhvlərdən nəticə çıxarmaq yolunu seçib və bu da, təbii ki, dərsliklərdə də özünü göstərməkdədir. Hazırda Almaniyada nə orta, nə də ali məktəblərdə tarix dərsliklərinin tərtibatına dair vahid və rəsmi yanaşma yoxdur. Bu məsələni buraxıblar federal torpaqların öhdəsinə. Almaniyanın heç bir məktəbində tarix dərsi bir nöqteyi-nəzərdən öyrənilmir. Tarixi öyrənməyi uşaqların özlərinə həvalə ediblər: qoy hər bir məktəblinin konkret tarixi fakta öz yanaşması olsun. Məsələn, Bavariyanın Təhsil Nazirliyi kitabların hazırlanmasında bir neçə tələb irəli sürür: dərsliklər neytral və obyektiv olmalı, pafos və emosional qiymətləndirməyə, ideoloji təbliğata yer verilməməlidir. 

Komikslərlə tarix

Avstraliyada tarix dərsi 7-ci sinfədək etika və coğrafiya ilə birlikdə "Cəmiyyət və ətraf mühit” adı ilə tədris olunur. 7-ci sinifdən etibarən tarix ingilis dili ilə birlikdə "Humanitar elmlər” dərsi kimi keçilir. Kurs zamanı tarixə o qədər də geniş yer verilmir, sadəcə olaraq 1788-ci ilədək Avstraliyanın tarixi, yerlilərlə avropalıların münasibətlərinə dair bir neçə mövzu öyrədilir. Təxmin etmək olar ki, burada da "süzgəc” öz rolunu oynayır: gəlmə avropalıların aborigenləri demək olar ki, tam məhv etmələri barədə məktəb dəsliklərində doğru-dürüst məlumatın verildiyi az ehtimal edilir. 8-ci sinifdən etibarən tarix dərslikləri daha çox Britaniya tarixini öyrədir, 9 və 10-cu siniflərdə birillik kurs yarım ilədək məhdudlaşdırılır. 11-12-ci siniflərdə tarix dərsi məcburi deyil. Kimə maraqlıdırsa, özünə əlavə kurs götürə bilər. 

Yaponlar demək olar ki, XX əsrin tarixini bilmirlər. Ümumiyyətlə, bütün tarix Yaponiya məktəblərində cəmi bir ilə öyrənilir. XX əsr isə, sadəcə olaraq, evdə oxumağa verilir. Yaponlar da tarix dərsliklərində bəzi ləkəli anları gizlədirlər. Məsələn, Nankində Yaponiya imperator ordusu 40 mindən 300 minədək sıravi və silahsız, hərbsizləşdirilmiş çinlini qətlə yetirib. Ancaq dərsliklər bu barədə susur. 

ABŞ-da müstəqillik uğrunda mübarizə dünya tarixinin ən möhtəşəm hadisəsi kimi qələmə verilir. İngiltərədə isə nəinki bununla razılaşırlar, bu mövzunu, ümumiyyətlə, dərsliklərə salmayıblar. Sözügedən məsələ yalnız tarixi diskussiyaların mövzusu ola bilər. Qənaətin ana xətti bundan ibarətdir ki, amerikalıların müstəqillik uğrunda mübarizə kimi təqdim etdikləri tarixi hadisə britaniyalılar üçün "fransızların sponsorluğu” ilə uğurla başa çatmış qiyamdır. 

Texas ABŞ-ın ştatlarından bir olsa da, vaxtilə müstəqillik elan edib və respublika kimi fəaliyyət də göstərib. Ancaq hamı bununla razılaşmır. Meksikada düşünürlər ki, Texasın müstəqilliyindən söhbət gedə bilməz. Buralar boş ərazi olub, ABŞ da onu pulla alıb. Texasda isə uşaqları öyrədirlər ki, texaslılar müharibədə qalib gəlib respublika elan ediblər. Prezidentləri də Sem Hyuston olub. 

Fransa tarixinin ən müəmmalı məqamlarından bir Janna Darkla bağlıdır. Amerikalı tarixçi Corc Happert hesab edir ki, XV-XVI əsrlərin fransız tarixçiləri Janna barədə həqiqi tarixi sənədlərdən yararlanmayıblar. Orta əsrlər müəllifi Jilin təqdimatında Janna barədə bir kəlmə olsun yoxdur, əsas qəhrəman isə kraldır. Artıq sonra baş verənlərin dini versiyası peyda olur və Janna Tanrının iradəsinin icraçısı kimi təqdim olunur. Fransada respublika elan olunandan sonra Janna barədə bu vaxtadək rəsmi sayılan yanaşma da öz cazibəsini itirir. Ona görə də bu məsələyə dair iki yanaşma var: dini və dünyəvi. 

Fransanın tarix dərsliklərində Bretan ilə könüllü ittifaqın əslində məcburi olduğu gizlədilir. Korsikanın da pulla tabe edildiyi qeyd olunmur. Fransa məktəblərində uşaqlara öyrədilir ki, Vaterlou döyüşündə qalib gəliblər. İngiltərə dərslikləri bunun əksini deyir. Yüzillik müharibənin ən qanlı döyüşlərindən biri - Azenkur döyüşündə fransızlar məğlub olublar. Fransanın tarix dərsliklərində bu barədə heç nə yazılmır. Britaniyada isə əksinə, bu döyüş tarixin ən möhtəşəmi kimi qələmə verilir. 

Fransada tarix dərsliklərinin tərtibatında bir məqam diqqəti cəlb edir. Şübhəsiz ki, bütün müsbət və mənfi məqamları ilə Fransa tarixi möhtəşəmdir. Və bu möhtəşəmlik minlərlə, on minlərlə tarixi hadisə ilə müşayiət olunur. Təbii ki, bunların hamısını yadda saxlamaq mümkün deyil. Bu səbəbdən dərsliklərdə ayrı-ayrı tarixi hadisələr öyrənilir. Tarix dərsliklərində əsas yer mətndən çox şəkillərə verilir. Ona görə də Fransada tarix dərslərinin zarafatla komikslər vasitəsilə öyrənildiyini deyirlər. 

Az nağıl, çox fakt

2013-cü ildə Britaniyanın o vaxtkı təhsil naziri Maykl Qouv yeni tədris planının elanını verdi. Əksər fənlərin tədrisində dəyişikliklər gözlənilirdi və bu, heç bir narazılığa səbəb olmadı. Bir tək tarixdən başqa. Qouvun yanaşması bundan ibarət idi ki, dərsliklərdə Britaniyanın öz tarixinə daha geniş yer ayrılmalıdır. "Az nağıl, çox fakt” - nazirin şüarı belə idi. Baxmayaraq ki, yenilik əvvəl nə sollar, nə də sağların etirazına səbəb olmuşdu, ictimai qınaq öz sözünü dedi. Qouvun dəqiq hadisələr və tarixi şəxsiyyətlərlə bol olan Britaniya tarixinin ardıcıl xronoloji kursu ciddi ictimai rezonans doğurdu. Tənqidçilər hesab edirdilər ki, bu kurs britaniyalıların dünyaya açılmalarına deyil, özlərinə qapanmalarına səbəb ola bilər. Tarix professoru Saymon Şama hesab edirdi ki, uşaqlara "Britaniyanın dünyaya təsirindənsə, dünyanın Britaniyaya təsirini” öyrətmək lazımdır. "Tarixin mənası özünü bəzəməkdə və hamıdan yaxşı olduğunu göstərməkdə deyil”, - deyə Şama vurğulayırdı. 

Şamanın fikrincə, əgər siz tarix kitablarında yalnız özünüzdən bəhs edir, əlahiddə olduğunuzu göstərmək istəyirsinizsə, bu, çoxsaylı faktiki səhvlərin üzə çıxmasına səbəb olacaq. Məsələn, həmin yeni tədris planında iqtisadçı Adam Smit ingilis kimi təqdim olunur. Ancaq hamı bilir ki, Smit şotland olub. Şama da bu qənaətdədir ki, Britaniya çoxmillətli dövlətdir, bu millətlər arasında bağları möhkəmlətmək lazımdır, nəinki ayrı-seçkilik yaratmaq. 

Tarixçilərin ümumi yanaşmasına görə, Brianiyanın ümumi xronoloji tarix kursunu tərtib etmək mümkün deyil. Çünki 4 regiondan və xeyli sayda millətdən ibarət olan krallıq heç vahid futbol liqası təşkil edə bilmir, nəinki ardıcıl xronoloji tarixi. 

1898-ci ildə Çin imperatoru Quansuy belə qənaətə gəlir ki, ölkədə təhsil sahəsində islahatlara başlamaq lazımdır, əks halda Britaniya istilasına tab gətirmək mümkün olmayacaq. İmperatorun ilk addımı bu olur: dövlət məmurları və tələbələri hazırlayarkən tək Çinin tarixi, mədəniyyəti və ənənələrinə qapanmaq lazım deyil, dünyaya açılıb, dünya tarixini və təcrübəsini öyrənmək lazımdır. İslahat imperatorun dul bibisi Tsısinin rəhbərliyi ilə mühafizəkarların ciddi narazılığı və müqaviməti ilə üzləşir. O, dövlət çevrilişi edərək islahatları dayandırır və təhsil sistemini köhnə ənənələrə qaytarır. Nəticədə imperiya cəmi 13 ildən sonra süquta uğrayaraq tarixin səhnəsindən yox olur. Oksford Universitetinin professoru Devid Pristlend hesab edir ki, "bir cəmiyyət yalnız özünün keçmiş uğurları və qələbələrinə qapanır və istinad edirsə, bu onun yaxınlaşan süqutundan xəbər verir”. 

Tarix adətən dəqiq elm sayılmasa da, müasir tarix elmi hətta milyon illər bundan əvvəl baş verənlərin dəqiq vaxtını və səbəblərini müəyyən etməyi bacarır. Məsələn, ibtidai insanın 70 min il əvvəl Avstraliya qitəsinə keçməyə müvəffəq olması, burada peyda olan kimi qitənin tam fərqli və təcrid flora və faunasını məhv etməyə başlaması kimi faktlar tarix elmi üçün xüsusi bir tapmaca, qaranlıq məqam deyil. O ki qaldı bir-iki əsr əvvəl olanları milli və dövlət maraqları çərçivəsində interpretasiya etmək. Bu, bir reallıqdır, ancaq ona hər kəs riayət edirmi? Güman ki, bu, artıq tarixin deyil, siyasətin problemidir...

Rüstəm QARAXANLI



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan tarixi yenidən yazılır

Azərbaycan tarixi yenidən yazılır

"3 səhifəlik bəyanatı Yaqub Mahmudov özü yazıb" – TƏHSİL NAZİRLİYİNİN YALANI ÜZƏ ÇIXDI

"3 səhifəlik bəyanatı Yaqub Mahmudov özü yazıb" – TƏHSİL NAZİRLİYİNİN YALANI ÜZƏ ÇIXDI

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

“Bir dövlətin iki tarixi olmur”    EKSPERTdən sərt münasibət

“Bir dövlətin iki tarixi olmur” EKSPERTdən sərt münasibət

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Ağstafa rayon A.Abdullayev adına 2 saylı tam orta  məktəbində Tarix-Diyarşünaslıq  muzeyi fəaliyyət göstərir

Ağstafa rayon A.Abdullayev adına 2 saylı tam orta məktəbində Tarix-Diyarşünaslıq muzeyi fəaliyyət göstərir

Təhsil Naziri Mikayıl Cabbarova müraciət

Təhsil Naziri Mikayıl Cabbarova müraciət

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam" - MÜSAHİBƏ

Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam" - MÜSAHİBƏ

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Təhsil Nazirliyinin şöbə müdiri:  "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Təhsil Nazirliyinin şöbə müdiri: "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF

Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF

Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"

Qəbul imtahanı PROBLEMİ - "Son dəyişikliklər abituriyentlərin işini çətinləşdirəcək"

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

Azərbaycanlı astroloq: "Qiyamətin tarixi və günü bəllidir"

Azərbaycanlı astroloq: "Qiyamətin tarixi və günü bəllidir"

Orta məktəb müəllimi tarix dərsliyindəki səhvdən ŞİKAYƏT ETDİ - FOTOLAR   +

Orta məktəb müəllimi tarix dərsliyindəki səhvdən ŞİKAYƏT ETDİ - FOTOLAR +

Tarix dərsliyimizdə gedən "Böyük Ermənistan xəritəsi" Türkiyədə qalmaqal yaratdı

Tarix dərsliyimizdə gedən "Böyük Ermənistan xəritəsi" Türkiyədə qalmaqal yaratdı

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

“İdrak” liseyində Azərbaycan, rus və ingilis dillərində Qarabağ dərsləri...

“İdrak” liseyində Azərbaycan, rus və ingilis dillərində Qarabağ dərsləri...