Ümumtəhsil məktəblərinin direktorları
Əmək funksiyası.
Məktəbin fəaliyyətini idarə edir. Məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlayır, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır, məktəbdaxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, onun həyata keçirilməsinin optimal həlli yollarını tapır, dövlət orqanları və ictimai təşkilatlarda müəssisənin marağını təmsil edir.
Tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görür; pedaqoji şuraya rəhbərlik edir. Tədris planı və proqramlarının yerinə yetirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün tədbirlər həyata keçirir. Şagirdlərin fənn olimpiadalarına və digər bilik yarışlarına, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində məqsədyönlü iş aparır, təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmasını həyata keçirir. Şagird özünüidarə orqanlarının fəaliyyətini istiqamətləndirir və onların işinə köməklik göstərir; sinifdənxaric və məktəbdənkənar işlərin təşkili üzərində nəzarəti həyata keçirir.
İcbari ümumi orta təhsilin həyata keçirilməsini, uzun müddət təhsildən kənarda qalmış şəxslərin və istedadlı şagirdlərin fərdi təhsilə cəlb olunmasını təmin edir. Qabaqcıl iş təcrübəsini tətbiq edir, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Əmək qanunvericiliyinə uyğun pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üzrə iş aparır. Əməkdə xüsusilə fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini mükafatlandırma və təltif üçün təkliflər verir.
Müavinlərin hesabatlarını dinləyir, onların işinin təkmilləşdirilməsinə dair təkliflər verir. Kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasını təmin edir.Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir. İşçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir.
Daxili intizam qaydalarına, müəllimlərin etik davranış qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. İşçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur. Valideynlərlə (onların qanuni nümayəndələri ilə), təlim-tərbiyə işlərinə kömək edən müəssisələri və xeyriyyə cəmiyyətləri ilə aparılan işlərin təşkili ilə bağlı məsələləri həll edir. Dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir.
Bilməlidir:
"Təhsil haqqında”, "Gənclər siyasəti haqqında” və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini;
idarəetmənin təşkilini; müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sisteminin inkişaf etdirilməsini;
müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını;
qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlərin yaradılmasını;
pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni mexanizmin beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdirilməsini;
təhsil proqramlarının və dərsliklərin müasir tələblər baxımından yeniləşdirilməsini; şagirdlərin idrak fəallığını artıran sistemli tədbirlərin görülməsini;
tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunmasını;
istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramların yaradılmasını;
ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları); orta təhsil üzrə qüvvədə olan dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları);
ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları və inklüziv təhsil üzrə məqsədli ixtisasartırmanın təmin edilməsini;
müəllimlərin informasiya-kommunikasiya texnologiyaları bacarıqlarına yiyələnməsi üçün çevik sistemin yaradılmasını;
müəllimlərin təkmilləşdirilməsinin beynəlxalq standartlarla uzlaşdırılmasını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti;
müəllimlərin əməyinin tarifləşdirilməsi metodlarını, qabaqcıl təlim-tərbiyə metodlarını, pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini, uşaqların asudə vaxtlarının səmərəli təşkili yollarını;
Informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
təhsil innovasiyalarını və pedaqoji texnologiyaları;
əmək qanunvericiliyini; təhsilin iqtisadiyyatının və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də statistikanın əsaslarını;
əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil, 5 ildən az olmayaraq pedaqoji staj və ya elmi dərəcəsi və elmi adı olduqda 3 il pedaqoji staj.
a) ümumtəhsil məktəblərində və ya ümumtəhsil internat məktəblərində:
13-cü dərəcə: şagirdlərin sayı 100 nəfərədək olduqda;
14-cü dərəcə: şagirdlərin sayı 100-dən 300-dək olduqda;
15-ci dərəcə: şagirdlərin sayı 300-dən 800-dək olduqda;
16-cı dərəcə: şagirdlərin sayı 800 və daha çox olduqda.
b) sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi tipli təhsil müəssisələrində:
13-cü dərəcə: şagirdlərin sayı 100 nəfərədək olduqda;
14-cü dərəcə: şagirdlərin sayı 100-dən 150-dək olduqda;
15-ci dərəcə: şagirdlərin sayı 150-dən 200-dək olduqda;
16-cı dərəcə: şagirdlərin sayı 200 və daha çox olduqda.
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.