Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2018-ci il martın 29-dan aprelin 30-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:
DİM-dən Aztehsil.com-a verilən məlumata görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.
Müsabiqədə iştirak ödənişlidir. Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki dəfə (yaz və yay sessiyaları) keçirilir və abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə keçirilən iki imtahandan birində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.
Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda 2018-ci il mayın 17-dən iyunun 14-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize/ internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməli, imtahan verəcəkləri ixtisas qrupu və xarici dili seçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər.
Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla (bax: 1.1 və 1.2-ci bəndlər) həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən "Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).
İlk qəbul imtahanı (yaz sessiyası) II-III ixtisas qrupları üzrə mayın 13-də, I-IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. İkinci imtahan (yay sessiyası) isə I-IV ixtisas qrupları üzrə iyulun 18-də, II-III ixtisas qruplari üzrə isə iyulun 26-da keçiriləcək. Abituriyentlər hər iki imtahanda iştirak edə bilərlər.
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya Azərbaycan Respublikasının hüdudları kənarında başa vuran abituriyentlər üçün) iyulun 10-da keçiriləcək. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.