AzTehsil.com


Xəbərlər / Hekayələr
17 iyul 2016
5 437


ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı



ŞƏHRA ÇİÇƏYİ...Şəhriyyə Qəzənfərqızı

 


Yenə yarpaqlarım əzildi. Heç olmasa yoldan kənara atsaydı məni o zalım. Döndüm əvvəlki vaxtıma. Demək, bu mənim sonumdu. Bura qədərmiş. İkinci elə biri bir də olmayacaq. Mən belə ayaq altındaca tapdanıb məhv olacam. Burdan məni hara aparacaqlar? Yəqin, böyük maşınlarda gecə gəzintisinə çıxacam. Axı o maşınlar həmişə gecə gəlirlər. Dəniz o maşınların səsindən yaman qorxardı. Heç düşünməzdim ki, mən də o vahiməli maşınla gəzəcəm. Sonra böyük bir dağa gedəcəm, orda cəhənnəm istisində yanıb kül olacam.
Noolar, köhnə dost, bir az oyna, yellən, məni apar kolların arasına sal. Bəlkə, onda qurtulam. Sən mənim həmişəki kimi tənha vaxtlarımda ayanımsan. Yadında onunla tanışlığım? Buna sən vəsilə olmuşdun. Köhnə, uçulmuş bir eyvanda solub gedirdim. Nə gün işığı görürdüm, nə də su. Sən birdən bərk əsdin. Yenə, deyəsən, yelləncəyində lap yuxarıya qədər yellənirdin. Mən eyvandan düşdüm yerə, dibçəyim sındı. Tanıdın indi məni? Yadına düşdüm? Həəə. O zamanlar adım sırğagülü idi. Məni sırğaya bənzədirdilər. İndi adım Şəhra çiçəyidir. Daha doğrusu, bura gələnə kimi elə idi. İndi hansı adı istəsən verə bilərsən mənə. Nə mənası var ki? Onsuz da birazdan yanıb kül olacam. 
Bilirsən, sən yellənib məni yerə salanda səndən çox incimişdim. Elə bərk dəymişdim ki, hər yerim sızlayırdı. İki gün yerdə eləcə qaldım. Sonra məni zərif əllər qoynuna aldı. Onunla ala-qaranlıq dar küçələrdən yorğun-yorğun bir evə gəldik. Ev də yorğun idi. Qapısı belə açılmaq istəmirdi. Divarlardakı səsləri eşidirdim. Öz aralarında evin bütün əşyaları danışırdılar. Hamısı yorulmuşdu. Yeni bir istiliyə onların da ehtiyacı var idi. O, mənimlə danışa-danışa məni yeni qabla bəzədi. Yeni evim xoşuma gəlməyə başlamışdı. Onda sənə olan incikliyim də aradan qalxmışdı. Məni yıxdığın üçün sənə minnətdar idim. Hətta mənimlə özünü tanış da etdi - ” Salam, mən Şəhrayam. Səni kim belə atıb? Bu kövrək yarpaqların, gövdən bu yükü necə qaldırır? Bilirəm, çətindi. Ancaq Allah güc verir. Zərif çiyinlərin elə ağır yüklər qaldırmağa məcbur qalır ki, altında əzilirsən. Qorxma, artıq mən varam.”
O, mənim tozlanıb çirklənmiş xatirələrimin üzərindən keçən bir barmaq idi. Xəyallarımdakı xoşbəxtliyi öz kölgəsi ilə isidən bir mələk idi. İkinci nəfəsim idi, ikinci doğuluşum. Uzun, zillət dolu sancılardan sonra, nəhayət ki, doğulmuşdum. Ancaq bir az boğulmuşdum. Ana qucağı, hərarəti, qayğısı dincəltdi məni. 
Bir gün o zalımın bu dünyaya göz açdığı gün idi. Şəhram məni nəfəs kimi ona verdi. Öz nəfəsindən bir nəfəs. " Sənə öz aldığım nəfəsi verdim. Artıq nəfəsim səndə. Sən var olduqca mən də varam. Qoyma məni boğulam. " –bu sözləri bir kağıza yazıb yarpaqlarım arasına saldı. Adımı da "Şəhra çiçəyi” qoydu. 
Mən özəl birinə verilmiş bir özəl idim. Candan qopmuş bir can. Nəfəsdən gedən bir nəfəs. 
Onsuz darıxsam da yeni evimə isinirdim. Axı adını daşıyırdım. Onun kimi cəsur, iradəli görünməliydim. Zamanla anladım ki, heç kəs o ola bilməz. O təbiilik, içdənlik yalnız onda var. 
İlk ayrılıqda məni də evdən ayırdılar. Yaşanmış xatirələrə xatir belə qalmadım. Və mən burdayam. Ayaqlar altında, lazımsız, atılmış. Axı mən nəfəs idim. İndi hardasa mənim Şəhram boğulur. Ona nəfəs lazımdı. At məni kolluqların arasına. Bəlkə, yenə nəfəs oldum.
Şəhriyyə Qəzənfərqızı



Загрузка...