Bu gen əksər insanlar yaddaş zəifliyindən şikayətlənir. Xüsusən abituriyent və tələbələr, adətən, bildikləri bəzi məlumatları imtahanda xatırlaya bilmədiklərindən narahat olurlar. Belə unutqanlıq hallarının təbii ki, bir sıra səbəbləri var.
Tələbələr yeni və köhnə bilgilər arasındakı əlaqəni möhkəmlətmək üçün məlumatların beyində həkk olunmasına səbəb olan "təkraretmə" üsulundan əksər vaxtlarda istifadə etmirlər. Yetkinlər isə təxminən 40 yaşlarından sonra bəzi məlumatların yaddaşlarından silinməsindən şikayət edirlər. Bunu isə mütəxəssislər, yaş və diqqət ilə əlaqələndirirlər.
Məsələn, 50 yaşında olan araşdırmaçı Daniel Schacter deyib ki, "15 il əvvəl hər hansısa məqaləni oxuduğumda hər bir kəlməsi ağlımda qalardı. İndi isə oxuduqlarımı şüuraltı bilgilərimlə əlaqələndirməsəm və ya təkrar-təkrar oxumasam, xatırlaya bilmirəm".
Bütün bu səbəbləri aradan qaldırmaq üçün hazırda bir sıra inkişaf etmiş Avropa və Amerika məktəblərində diqqət və yaddaş texnikalarından istifadə olunur.
3-cü kurs tələbəsi Əsmər Qasımova deyir ki, o oxuduqlarını daha çox göz yaddaşı ilə yadda saxlayır: "Əzbərçilik tələb edən dərslər qətiyyən uzun müddətliyə yadımda qalmır. Eyni cümləni neçə dəfə oxusam da, bir müddət sonra oxuduqda mənə yeni məlumat təsiri bağışlayır”.
Nuridə Abbasova hazırda 4-cü kurs tələbəsidir. O, artıq keçmişə aid çox şeyi, ümumiyyətlə, məktəb dövrünü xatırlamadığını deyir: "Dərslər də bir günlükdür, imtahana qədər öyrənirəm səhəri yadımdan çıxır. Təkcə çox diqqətlə və maraqla oxuduğum şeylər yadımda qalır”.
Lalə Sadıqova 1-ci kurs tələbədir. O, isə öyrəndiklərini unutmamaq üçün məlumatları tez-tez təkrarladığını qeyd edir. Lamiyə hesab edir ki, yalnız nə vaxtsa sənə lazım olacaq məlumatları yadda saxlamaq lazımdır: "Oxuduqlarımı yadda saxlaya bilmirəm. Abituriyent vaxtı bunu ən çox humanitar - ədəbiyyat, tarix kimi fənlərdə müşahidə edirdim. Öyrəndiklərimi unutmamaq üçün mütəmadi olaraq təkrarlayıram. Təbii ki, əgər, bunlar nə vaxtsa mənə lazım olacaq faktlar olarsa. Hətta bəzən olur ki, kiminləsə danışdığım vaxtda deyəcəyim cümləni belə unuduram”.
Hazırda dünya təcrübəsində yaddaşı gücləndirmək üçün minemonik üsullardan istifadə olunur. Minemonik üsullar beyində vizual görüntü meydana gətirərək, kodlaşdırma və daha yaxşı xatırlatma ipucları vermə üsuludur.
Hafizəni inkişaf etdirən iki minemonik üsul: Məskunlaşma və asma üsulu (Mason&Kohn, 2001)
Məskunlaşma metodu: Əgər termin, anlayış və adlardan ibarət olan bir siyahını, müəyyən bir sıralama ilə yadda saxlamaq lazımdırsa, məskunlaşma üsulu effektiv bir üsuldur. Məskunlaşma metodu əzbərlənmiş yerlərlə əzbərlənməsi lazım olan yeni maddələr arasında vizual əlaqə yaradan kodlaşdırma texnologiyasıdır.
Məsələn, aşağıda verilən adları əzbərləmək üçün 3 mərhələni keçmək lazım gəlir:
Brennicke
Theron
Kidman
İlk addım: Bəzi yerlərin vizual görüntüsünü beyninizə həkk edin. Məsələn, mətbəxdəki şkaf, soyuducu, soba kimi asan yadda qalacaq yerlər.
İkinci addım: Əzbərləyəcəyiniz hər ad üçün beyninizdə vizual görüntü canlandırın. Məsələn, Brennickenin körpüdən asılı qaldığını düşünün və s.
Üçüncü addım: Bu adları sonra zehninizdə seçdiyiniz bir yerə yerləşdirin.
Məsələn, Brennick sobaya girir.
Theron şkafı açır.
Kidman soyuducuya girir.
Bu şəxslərin adlarını xatırlamaq üçün mətbəxdə xəyalı olaraq gəzin və əzbərlədiyiniz yerlərin beyninizdə depolanan görüntülərini xatırlamağa çalışın.
Asma metodu – Uzun listləri, xüsusən, tam sırası ilə əzbərləmək üçün istifadə olunan digər bir minemonik metoddur. Asma üsulu rəqəmlərlə sözlər arasında qafiyə yaradaraq istifadə olunan kodlaşdırma texnikasıdır.
Bu metodla da eyni 3 adı xatırlamaq üçün asma metodunun 2 mərhələsindən istifadə olunacaq.
Birinci addım – Rəqəm və o rəqəmə qafiyə ilə uyğun gələn bir listi əzbərləyin.
Məsələn,
Bir, göstərməz kir
İki, çox kirli
Üç, təmizlənməsi güc
Dörd, kirəclə ört
Beş, qoxusu leş
İkinci addım – İndi isə əzbərləmək istədiyiniz sözlərdən hər birini qafiyəli sözlərin biri ilə uzlaşdırın. Məsələn, Brennickenin çox kirli olduğunu, Theronun kirəclə örtülü olduğunu, Kidmanın isə leş qoxulu olduğunu düşünün.
Araşdırmaçıların fikrincə, bu üsullardan gündəlik istifadə edərək müəyyən alışqanlıq yaratmaq şərtdir. Təcrübələrə əsasən, bu metodları özündə vərdiş halına gətirən 12 nəfər digərlərinə nisbətən keçmişdə baş verənləri daha tez xatırlaya bilirlər.
Psixoloq İbrahim İbrahimov hesab edir ki, psixologiyada yaddaş texnikaları mövzusunun orta məktəblərdə keçirilməsi mütləqdir.
Yaddaş mövzusu bu gün üçün olduqca vacib bir mövzudur. İndi olduğu kimi elə bizim dövrümüzdə də bu mövzuları bizimlə işləyən psixoloq olmayıb. Mən sonra psixologiya təhsili aldığım müddətdə gördüm ki, bu yaddaş texnikaları mövzusu insanların işini asanlaşdırır və eyni zamanda vaxta qənaət etməsinə səbəb olur. Bu metodlar vasitəsilə şagirdin, tələbənin dərsə marağı artır”.
İnsan bir mövzunu necə yadda saxlaya bilər?
Psixoloq NLP-nin yaddaş texnikaları barədə məlumat verib:
"Bildiyimiz kimi, hər birimiz yadda qalmayan bir şeyi nəyəsə oxşadıb yadda saxlayırıq. Kimsə tarixi xronologiyanı evlərində olan telefon nömrəsinə uyğunlaşdırıb yadda saxlayır, kimisi başqa bir tarixlə uzlaşdırır və s. Yəni mütləq bir oxşatma vardır.
Məsələn, riyazi və fiziki düsturları yadda saxlamaq üçün müəyyən rəqəmlərlə sözlər bir - birinə bənzədilir.
1 rəqəmi - elektrik dirəyinə oxşayır,
2 - suda üzən ördəyə,
3 – taburetə, taburetin 3 ayağı var.
4 - cip, cipin 4 təkəri olur.
5 - əlcəyin 5 barmağı olur və s.
Bu yadda saxlamaq üçün sadə bir metoddur. Əsasən uşaq yaşlarında istifadə olunur və effektivdir.
İ.İbrahimov öyrənilməsi lazım olan 50 müxtəlif sözü yadda saxlamaq üçün metodlar təklif edir:
"Yadda qalmayan 50 kəlməni nağıl şəklində, sağ beyin yarımkürəsini işə salaraq beyninə yerləşdirə bilər. Bu üsul daha çox yaradıcılıqla bağlıdır ki, burada qurulan cümlələr bir az gülməli, fantastik, məntiqə sığmaz olur. Buna, adətən, ona görə sayıqlama deyirlər ki, bir yığın kəlimələrdən hekayə düzəldib yadda saxlayırsan.
Başqa texnikalardan, məsələn, H2CO4 formulunu yadda saxlamaq üçün Hasan 2, Salak Osman 4 kimi yadda saxlamaq olar.
Hər bir yadda qalmayan ingiliscə, rusca sözlərin də yadda saxlama texnikası mövcuddur. Lakin bütün bunlara baxmayaraq, yaddaşsızlığın digər bir səbəbi isə diqqətlə bağlıdır. Diqqətsiz insan nəyisə asan - asan yadda saxlaya bilmir. Elə bu yaxınlarda bir abituriyent diqqətsizlik problemi ilə bağlı müraciət etmişdi. Biz onunla, mütəmadi olaraq, diqqət artırıcı məşqlər etdik. İndi artıq həmin abituriyent imtahanlarda əvvəlkindən daha fərqli nəticə göstərir.
Misal üçün, bir insanla qarşılaşıb müəyyən vaxt çərçivəsində söhbət edirik. Söhbətdən sonra onun adı yadında qalmadığı halda, üzü yadında qalır və ya əksinə. Bu nə ilə bağlıdır? Çünki diqqət etdiyin şey onun siması olduğu üçün danışdığı şeylər, adı yadda saxlamağı ehtiyac bilmirsən. Əgər həmin şəxsin adı Əlidirsə, onu qohumda və ya qonşuda kiminsə adı ilə eyniləşdirib yadda saxlaya bilərik.
"Yaddaş texnikalarını mənimsədən psixoloji kurslarla abituriyentlər 2 dəfə artıq nəticə göstərə bilərlər”
Təəssüf ki, bütün bunlar orta məktəblərdə keçirilmir və öyrənilən dərsi yadda saxlaması uşaqların öz ixtiyarına buraxılır. Kimin necə yadda saxlaması özünə qalıb. Biri dərsi 50 dəfə oxuyur, biri isə 100 dəfə. Problemin həlli üçün məktəblərdə bunu tədris edən psixoloq yoxdursa, abituriyentlər psixoloji kurslara müraciət etməlidirlər. Psixoloji kursların nəticəyə 2 qat təsir edə biləcəyinə əmin ola bilərsiniz. Çünki biz hazırda abituriyentin, tələbənin təlimdən əvvəl və təlimdən sonrakı nəticələrini testlə də ölçürük”.
Bütün bu metodlara nəzərən belə qənaətə gəlmək olar ki, əslində, dərsi, müəyyən dilləri və yadda saxlanması lazım olan vacib adları, tarixləri xatırlamaq göründüyü qədər də çətin deyilmiş. Mütəxəssislərin fikrincə, hazırda orta məktəblərdə bu texnikalardan istifadə olunmaması mənfi haldır. Onlar iddia edirlər ki, məlumatları yadda saxlamaq üçün psixoloji üsullarla bunu əyləncəli hala gətirib şagirdlərin hafizələrini möhkəmlətmək mümkündür.
Nəzrin Cavid