DİM müəllimlər üçün hazırlıq kursu təşkil edib
Yanvarın 24-25-də Dövlət İmtahan Mərkəzi Salyandakı Uşaq Texniki Yaradıcılıq Mərkəzində Azərbaycan dili fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursu təşkil edib.
Məlumata görə, hazırlıq kursunda elektron qeydiyyatdan keçmiş, yeni proqramla (kurikulum) tanış olan, ixtisası müvafiq fənnə uyğun gələn müəllimlər, metodistlər iştirak ediblər.
Hazırlıq kurslarında iştirakçılara fənn kurikulumu, imtahanda yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məlumat verilib, yeni tapşırıqların formaları, məzmunu, mətn seçimi və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı mühazirələr təqdim edilib. Müəllimlər, həmçinin kalibrləmə prosesində iştirak ediblər.
Kursu müvəffəqiyyətlə başa vurmuş müəllimlərin şəxsi məlumatları mərkəzin elektron "Məlumat bazası”na daxil edilib. Onlara DİM-in sertifikatı veriləcək. Sertifikat almış seminar iştirakçıları gələcəkdə müqavilə əsasında qiymətləndirmə materiallarının hazırlanması, ekspertizası və yoxlanılması (marker kimi) üçün DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.