Bəzi məktəblərdə müəllim çatışmazlığı problemi qalır -SƏBƏBSƏ...
Ucqar kənd məktəblərində müəllim çatışmazlığı problemi hələ də qalır. Məlumatlara görə, bəzi məktəblərdə ixtisaslı müəllim öz fənni ilə yanaşı, daha bir neçə digər fənni də tədris edir. Nəticədə isə şagirdlər və valideynlərin narazılığı yaranır.
Aztəhsil.com xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə modern.az-a bu problemin artıq yavaş-yavaş aradan qalxdığını bildirib:
"Belə hallara indi çox az rast gəlinir. Çünki ali təhsil müəssisələrimiz çoxdur. Yeni ixtisaslar yaranır, dövlət məktəblərə müəllimlərin göndərilməsinə dəstək verir. Təhsil Nazirliyi də bu istiqamətdə çalışır. Belə hallar çox azdır və qarşısı alına bilər”.
İsa Həbibbəyli onu da qeyd edib ki, dövlət müəllim çatışmazlığının qarşısını almaq üçün müvafiq tədbirlər görür:
"Dövlətimiz ucqar rayon məktəblərinin müəllimlərlə təminatına xüsusi diqqət göstərir. Bölgələrə tam ixtisaslı müəllimlər göndərilir. Onlara əlavə ödənişlər edilir, hər cür şəraitlə təmin edilirlər.
Əlavə olaraq yerli icra hakimiyyəti orqanları, Təhsil Nazirliyinin qurumları müxtəlif təşviqedici təkliflər irəli sürürlər. Onlara torpaq sahələri verilir, yaxşı yaşamaqları üçün şərait yaradılır. Artıq bir neçə ildir ki, bunlar tətbiq olunur.
Müəllim çatışmazlığı Azərbaycan təhsili üçün kəskin yox, fərdi problemdir. Bu da zaman-zaman həll olunur”.