Bərdənin Təhsil Şöbəsi qaçırılan müəlliməyə XEYİR-DUA VERDİ: “Öz razılığı olub”
Bərdə rayonunda gənc müəllimənin zorla qaçırıldığı barədə xəbər yayılıb. Belə ki, Təhsil Nazirliyinin göndərişi ilə rayonun Hacıalılı kənd məktəbində riyaziyyat müəllimi işləyən qız Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb. Qaçırılan qız Goranboy rayon sakinidir.
Aztəhsil.com saytı Bərdə Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayaraq məsələnin detallarını öyrənməyə çalışıb.
Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda tərəflərin öncədən razılığı qeyd edilib.
"Siz buna necə qaçırılma deyirsiz?! Bunlar ali təhsilli insanlardır. Bunları zorla qaçırmaq olar?! Onlar ailə həyatı qurublar. Özlərinin razılığı olub. Müəllimə xanım Goranboydan gəlib kəndin sakinini sevib və ailə qurublar. İndi ailə quran cütlükdə nə axtarırsız?! Məqsədiniz nədir?! Onu başa düşmürük. Burada pis bir hadisə baş verməyib ki!”.
Məlumata görə, hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib. Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.