Məktəblilər elmi-tədqiqatlara cəlb olunublar
Paytaxt məktəbliləri üçün karyera planlama təlimləri çərçivəsində ali təhsil müəssisələrinə ekskursiyalar təşkil edilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsidən (BŞTİ) bildiriblər ki, ekskursiyalar zamanı ali məktəblərin müəllim və tələbələri ilə görüşən şagirdlərə fakültələr, ixtisaslar, təqaüd və mübadilə proqramları barədə məlumatlar verilir. Eyni zamanda, görüşlərdə ixtisas seçimi, bu zaman diqqət yetirilməli olan məqamlar, bacarıq və qabiliyyətlərin düzgün qiymətləndirilməsi, əmək bazarındakı vəziyyət və digər məsələlər ətrafında müzakirələr aparılır.
Ekskursiyalar çərçivəsində, həmçinin məktəblilər elmi-tədqiqatlara cəlb olunur, dərs dinləmələrinə qatılır, maraqlandıqları suallara cavab alırlar. Karyera planlama təlimləri BŞTİ-nn tabeliyindəki 19 ümumtəhsil məktəbində "Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılır.
Təlimlərin təşkil olunmasının əsas məqsədi şagirdlərə peşələr haqqında məlumat vermək, onlara ixtisas seçimində kömək etmək, həmçinin seçilən peşə növünün xüsusiyyət və tələbləri ilə məktəblilərin psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğu müəyyənləşdirməkdir.