Uşaqları planşet, kompüter, mobil telefondan uzaq tutun - Həkim məsləhəti
Gənclərdə və böyüklərdə son zamanlarda aktual məsələyə çevrilən planşet, kompüter və mobil telefon vərdişi uşaqlara da təsirsiz ötüşmür.
Aztəhsil.com xarici mətbuata istinadən xəbər verir ki, bu vasitələrin uşaqlarda oyun məqsədilə uzun müddət istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb olur.
Türkiyənin uşaq xəstəlikləri uzmanı Dr. Cenk Atman valideynlərin uşaqlarda artıq çəki problemliylə bağlı ona tez-tez müraciət etdiklərini vurğulayıb:
"Planşet, televiziya, kompüter, mobil telefon uşaqları da əsirinə çevirib. Bunlar azyaşlıların diqqətini pozur və düzgün istirahət etmələrinə mane olur. Bu vasitələr çox istifadə olunmamalıdır, çünki vərdiş halına keçmə riski yüksəkdir. Valideynlər deyir ki, övladlarımız 15 dəqiqə adı ilə başlayıb saatlarla kompüterin qarşısında otururlar. Məktəblilərdə də davamlı istifadə vərdiş halını alır və onların qiymətlərinə, istirahətlərinə, diqqətinə və zəkalarına təsir göstərir”.
Valideynlərə səslənən həkim deyib ki, bu vasitələrin istifadəsinə məhdudiyyət qoyulması əsas şərtdir:
"Uşaqlarda oyun məqsədilə istifadə olunan mobil telefon, kompüter və ya planşet onların artıq çəki problemi yaşamasına da səbəb olur. Uşaq nə qədər kompüterin qabağında olarsa, çəkisinin o qədər də artma riski var. Bunun səbəbi uşağın saatlarla hərəkətsiz qalmasıdır. Bu vasitələr 0-2 yaş qrupunda olan uşaqlardan tamamilə uzaq tutulmalıdır. Bütün uşaqlarda isə planşet, kompüter, mobil telefon gündəlik 1 saatdan çox istifadə olunmamalıdır. 6aylıq bir körpəni bunların istifadəsi ilə xəstə edə bilərsiniz. Ancaq ən riskli olanı hərəkətliliyin başladığı zamanlarda uşaqlarda hərəkətsizlik yaratmasıdır”.