VIII-XI sinif şagirdləri “Ədəbiyyat biliciləri” müsabiqəsində -II mərhələ
Təhsil Nazirliyi ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə növbəti "Ədəbiyyat biliciləri” müsabiqəsini keçirir.
Nazirlikdən bildirilib ki, müsabiqənin keçirilməsinin məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi artırmaq və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir.
"Ədəbiyyat biliciləri” müsabiqəsi üç mərhələdə (məktəb, rayon (şəhər) və ölkə mərhələlərində) təşkil edilir. Müvafiq qaydaya əsasən, ötən ilin noyabr-dekabr aylarında müsabiqənin ilk - məktəb mərhələsi keçirilib. Bu ilin yanvar-fevral ayları ərzində ölkənin bütün bölgələrində müsabiqənin ikinci – rayon (şəhər) mərhələsi təşkil olunacaq. Müəyyənləşdirilmiş kvota əsasında, hər rayon və şəhərdən qalib seçilmiş şagirdlər mart-aprel ayları ərzində keçiriləcək ölkə mərhələsində iştirak edəcəklər. Ölkə mərhələsində şagirdlər onlara təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək.
Müsabiqənin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.