14 dövlət qulluqçusu təltif edilib, 25-i isə...
Naxçıvanda 2017-ci il ərzində 14 dövlət qulluqçusu fəxri ad və medallarla təltif edilib, 25 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.
Aztəhsil.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə komissiyada keçirilən kollegiya iclasında qeyd olunub.
Bildirilib ki, dövlət orqanlarında 642 vakant vəzifənin tutulması məqsədilə elan olunmuş müsabiqənin test imtahanında iştirak etmiş 722 namizəddən 389-u müvəffəqiyyət qazanıb, onlardan 167-si vakant vəzifələrə təyin olunub. Ötən il komissiyada 64 namizəd tərəfindən vakant aparat rəhbəri, şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün test imtahanları keçirilib, onlardan 22 nəfəri müvəffəqiyyət qazanıb.
Hazırda dövlət orqanlarında 60 nəfər siyasi, 1936 nəfər inzibati və 525 nəfər yardımçı vəzifə tutur. Dövlət qulluqçularının 28,5 faizini gənclər, 22,6 faizini isə qadınlar təşkil edir.
2017-ci ildə muxtar respublikanın 53 dövlət orqanı üzrə inzibati vəzifə tutan 1522 dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi
həyata keçirilib.