Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ
"Harada ki uşaq var, orada böyük elə odur".
Bu misal yəqin ki, hər kəsə tanışdır. Uşaqlar hər yaşda diqqət mərkəzində olmaq üçün əllərindən gələni edirlər. İxtiyari və ya qeyri-ixtiyari zaman-zaman biz də valideynlərimizi incitmişik. Uşaqlar tez-tez öz aralarında, eləcə də böyüklərə qarşı kəskin münasibət sərgiləyir. Biz bunları sıradan uşaq şıltaqlığı qəbul etsək də, bu, əslində uşaqların böyüklər üzərində manipulyasiyası sayılır. İsveçrəli psixoloqlar bu kimi halları və bu hallarda uşaqlara yumşaq rəftar göstərən, onların dediklərini yerinə yetirən valideynlərin hərkətlərini düzgün hesab etmir.
Valideynlər öz övladları ilə ayaqlaşmağı bacarmalıdırlar. Uşaqlara həmyaşıdlarını misal çəkərək "sən də belə ol" demək düzgün deyil. Bununla siz onlarda özünə inam hissinin azalmasına və yersiz aqressiyaların yaranmasına səbəbiyyət verirsiz. Psixoloqlar düşünür ki, uşaqların oyun zamanı bir-biri ilə mübahisə etməsinin səbəblərindən biri də məhz budur. Sizin nümunə göstərdiyiniz uşaq öz övladınızın zehnində kəskin reaksiya yaradır. O, artıq uşağa nifrət edir. Və ilk fürsətdə onunla mübahisə edir. Bütün bunlara riayət etməklə uşaqlarınızla düzgün münasibət qura bilərsiniz.
Məşhur psixoloq və jurnalist Pol Rebern "Valideynlər üçün oyun teoriyasının nəzəriyyəsi" kitabında bu barədə geniş məlumat vermişdir. O, düşünür ki, uşaqlar müəyyən yaşdan sonra, daha dəqiq desək, 1 yaşdan sonra valideynlərin münasibətlərini qavrayır və onları rahat bir şəkildə idarə edirlər. Valideynlər isə bundan xəbərsiz övladlarının "oyuncağına" çevrilirlər.
Əməkdaşlıq etmək qaydası
Bəzən uşaqlara hər hansı bir mükafat müqabilində tapşırıq (dərs, yemək, otağını, oyuncaqlarını toplaması) verilir. Bu, doğru addım deyil. İnkişaf mərhələsində olan uşaqlara bunu aşılamaq onların məsuliyyətini qətiyyən dərk etməməsinə gətirib çıxarır. Daha da pisi odur ki, bu, şüuraltında hər yaşda insanı təqib edir.
Əgər bir uşaq əməkdaşlıqdan imtina edir və sizi öz qanunlarına (ağlayaraq, israrla) tabe etməyə çalışırsa, siz də əməkdaşlıqdan imtina edin. Cəza verməklə deyil, ona izah etməyə çalışın. Onlara vəzifələrini söyləyin.
Boş hədə-qorxularla onu qorxutmayın
Bu ən çox rast gəlinən haldır. Məsələn, "Əgər sən özünü pis aparsan, biz dənizə getməyəcəyik". Bunu deməklə siz uşağın psixologiyasına təsir edirsiz. Bu, birbaşa onun tərbiyəsinə təsir edəcək. Çünki o, sizin dediyinizə sadəcə öz istədiyi yerə gedə bilmək üçün riayət edəcək. Gələn dəfə siz onu sakitləşdirmək istədikdə dənizə apara biləcəksinizmi? Bu, ciddi təhlükədir. Primitiv görünsə də, uşaq yaddaşı bunu unutmur.
İstər tək, istərsə də cüt (2 qız, 2 oğlan, bacı-qardaş və s.) uşaqlarla manipulyasiya yaratmağı bacarın. Hər şeyi onlar arasında eyni qaydada bölün - ev işlərini, tapşırıqları, hədiyyələri və ən əsası sevginizi.
Uşaqlarınızın yalan danışdığını hiss edirsiniz?
Bu şübhəni aydınlaşdırmaq üçün onların üzərinə qışqırmaq, hədələmək, and içdirmək lazım deyil. Siz sadəcə həmin bəhsdən konkret suallar verərək bunu dəqiqləşdirə bilərsiz. Hətta əgər onlar kifayət qədər inandırıcı cavab verməsələr belə, davam edin. Əmin olun ki, bir müddət sonra etiraf edəcəklər. Çünki uzun müddət yalan danışmaq psixoloji diskomfort yaradır. Daha sonra isə övladınıza dürüst olmağın gözəlliklərini izah edə bilərsiz. Bu, onun yadında daha yaxşı qalacaq, nəinki hədə-qorxu və şiddətlə izah etmək.
Çalışın uşaqlarınızı məsuliyyətdən azad etməyin. Sağlam cəmiyyətin təməli bu incə qanunlardan keçir.