Bakı məktəblərinə 50 minədək uşaq qəbul olunub
2017-2018-ci dərs ilində Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin birinci sinfinə elektron sistem vasitəsilə 50 minədək uşaq qəbul olunub.
Aztəhsil.com xəbər verir ki, Təhsil Nazirliyindən bildirilib ki, 2017-2018-ci dərs ilində ölkə üzrə 722 məktəbin təmayüllü siniflərinə 27 min 5 şagird qəbul edilib. Təmayüllər dörd istiqamət üzrə (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət) təşkil olunub. Hər bir təmayül üzrə tədris planı və proqramları hazırlanıb təsdiq edilib.
"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə birinci sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ərizələrin online qeydiyyatı vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinə birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə aparılır.