Yeni təhsil naziri kim olacaq? - Təyinat hələ də yubanır
Etibar Əliyev: "Düşünürəm ki, yeni nazir məsələsi tezliklə həllini tapacaq”
Yasamal rayonu 6 aydır icra başçısız, Təhsil Nazirliyi isə 1 aydır ki, nazirsiz qalıb. Hər iki vəzifəyə kimin təyin oluna biləcəyi ilə bağlı mətbuatda müxtəlif adlar, versiyalar səsləndirilsə də, hələ ki heç bir təyinat yoxdur.
Qeyd edək ki, Yasamal rayonunun keçmiş icra başçısı İbrahim Mehdiyev prezidentin sərəncamı ilə 1 iyul 2017-ci ildə vəzifəsindən azad edilib. Artıq yarım ilə yaxındır ki, bu rayona başçı təyin edilməməsi insanlarda müəyyən fikirlər yaradıb. Həmçinin rayona başçı təyin edilmək üçün dəridən-qabıqdan çıxanlar da kifayət qədərdir.
Xatırladaq ki, rayonun sabiq icra başçısı İbrahim Mehdiyev işdən nöqsanlara, əhalidə narazılıq yaratdığına görə çıxarılmışdı. Amma o özü açıqlamasında bildirmişdi ki, onunla bağlı prezidentə səhv məlumat veriblər.
Bu açıqlamadan sonra bu günə qədər rayona başçı təyin edilməməsi insanlarda Yasamalla bağlı hansısa araşdırmanın aparılması düşüncəsini də yaradır. Qeyd edək ki, Yasamal rayonu Bakının sürətli söküntü və tikinti aparılan rayonlarından biri olduğu üçün yeni başçısının kimliyi ilə yanaşı, iş qabiliyyəti, bacarığı da əsas faktorlardandır.
Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev "Hacı Cavad" məscidinin sökülməsini "özbaşına həyata keçirdiyinə görə” vəzifəsindən azad edilib...
Həmçinin 1 aydır ki, təhsil naziri vəzifəsi də boşdur.
Sabiq təhsil naziri Mikayıl Cabbarov prezidentin 5 dekabr sərəncamı ilə vergilər naziri təyin edildi.
Təhsil hər kəsin taleyinə təsir etdiyindən hamı yeni nazirin kim olacağı barədə düşünür.
"XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev cəmiyyətdə yeni təhsil nazirinin təyinatı ilə bağlı narahatçılıqların açıq şəkildə hiss olunduğunu bildirdi:
"Təhsil strateji sahə olduğundan bunu təbii hesab etmək olar. Məncə, tezliklə bu məsələni həll edərlər. Ölkə başçısı tərəfindən təsdiqlənmiş ”Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" sənədinin fəaliyyət planında hələ görülməmiş xeyli işlər qalır. Görülən xeyli işlərə isə nəzarətin təşkil olunması olduqca vacibdir. Təhsil naziri postunun ən çox boş qaldığı vaxt 1997-ci ilə təsadüf edir. Həmin il mərhum Lidiya Rəsulova tutduğu vəzifədən istefa verdi. Lidiya xanım təhsil tariximizdə yaxşı mənada ad qoyub.
Etiraf edim ki, o zaman biz boşluğun əks-effektini gördük. Ancaq indi situasiya fərqlidir. Keçmiş təhsil naziri Mikayıl Cabbarov ambisiyasız, intellektual və mədəni səviyyəsi yüksək olan kadrlarla işləməyə üstünlük verdiyindən, istər mərkəzi aparatın işi, istərsə də təhsil müəssisələrindəki işlər nizamla həyata keçirilir".
E.Əliyev nazir təyinatının tezləşdirilməsinin işlərinə fayda verəcəyini dedi:
"Təhsil eksperti kimi düşünürəm ki, nazir təyinatının tezləşdirilməsi ümumi işimizə fayda gətirə bilər. Son zamanlar yaradılan diskussiya mühiti, təhsil müəssisələri ilə vətəndaş cəmiyyəti nümayəndələri arasında əməkdaşlıq mühitinin formalaşması bizə onu söyləməyə əsas verir ki, təhsilimizə ləyaqətlə rəhbərlik edə biləcək yetkin kadrlar formalaşıb. Çağdaş dövrün tələblərinə uyğun olaraq təhsilə yanaşma tərzi dəyişib. Düşünürəm ki, təhsil sahəsində ideyası olan, bioqrafiyası şəffaf, islahatları anlaya bilən, intellektual və mədəni səviyyəsi yüksək olan bir şəxsin bu posta təyinatı təhsilimizin inkişafı üçün yeni üfüqlər aça bilər”.