76 yaşlı kişi magistr təhsili almaq üçün imtahan verib
Çində 76 yaşlı kişi ölkədə magistratura təhsil pilləsinə keçirilən qəbul imtahanında iştirak edib.
Məlumata görə, bu, Cou Veymin adlı abituriyentin magistr olmaq üçün 5-ci imtahanıdır. Belə görünür ki, bundan əvvəl 4 dəfə uğursuz olan Counun magistr olmaq planından əl çəkmək niyyəti yoxdur.
Cou Veymin uşaqlıqdan oxumağa böyük həvəsi olsa da, ailəsinin maddi vəziyyəti səbəbindən ali təhsil almaq arzusunu reallaşdıra bilməyib. Çində 2001-ci ildə tələbə olmaq üçün yaş həddi aradan qaldırılandan sonra Cou yaranmış imkandan istifadə etmək qərarına gəlib. O, 63 yaşında Şanxay Tibb Universitetinə qəbul olunaraq, ölkədə ən yaşlı tələbə adını qazanıb. Bununla kifayətlənməyən Cou Veymin 3 il əvvəl Ciasin Universitetinin bakalavr pilləsini ətraf mühit mühəndisliyi ixtisası üzrə bitirib.
"Əgər mən oxumağı dayandırsam, boşluq hiss edəcəyəm. İnsanların ambisiyaları olmalıdır. Öyrənmək heç bir yaşda gec deyil”, - deyə 76 yaşlı bakalavr bildirib.