Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc fiziklərin yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib.
Aztəhsil.com xəbər verir ki, BŞTİ-dən bildirilib ki, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən 39 nömrəli tam orta məktəb və 287 nömrəli "Zəkalar” liseyinin komandaları 35 balla birinci, 72 nömrəli məktəb-liseyin komandası 33 balla ikinci, 312 nömrəli tam orta məktəbin komandası isə 32 balla üçüncü yerə layiq görülüb.
Müsabiqənin final mərhələsində Yasamal rayonu 52, Nərimanov rayonu 39, Binəqədi rayonu 283 və 313, Nəsimi rayonu 164, Qaradağ rayonu 288, Xəzər rayonu 120, Suraxanı rayonu 290, Pirallahı rayonu 186, Sabunçu rayonu 72 və 252, Nizami rayonu 62 və 312 nömrəli tam orta məktəblərin, Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyanın və Xətai rayonu 287 nömrəli "Zəkalar” liseyinin komandaları iştirak edib.
Komandalar ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq, 30 sualdan ibarət test tapşırığını və iki məsələni yerinə yetiriblər. Doğru cavablandırılan hər bir test tapşırığı bir, məsələ isə beş balla qiymətləndirilib.
Müsabiqənin keçirilməsinin əsas məqsədi məktəblilərin tədqiqat işlərinə və fizika fənninə maraqlarının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, eləcə də istedadlı şagirdlərin aşkara çıxarılmasıdır. Müsabiqədə iştirak edən komandalar üç nəfərdən (IX sinif - 1 nəfər, X sinif - 1 nəfər, XI sinif -1 nəfər) təşkil olunub.
Müsabiqə qaliblərinə BŞTİ tərəfindən diplomlar təqdim ediləcək.