Yuxusuzluğa qalib gəlmənin yolları tapılıb
Kolumbiya Universitetinin Tibb Mərkəzi yuxusuzluğa qalib gəlmənin yollarını müəyyən edib. Alimlər axşam saatlarında smartfonlardan və planşetlərdən imtina etməyi təklif etmir, çünki bu, müasir dövrdə insanlar üçün real deyil. Lakin onlar dərin yuxu üçün zərərli olan və mavi işıq buraxan ekrana kəhrəba rəngli eynəklərlə baxmağı məsləhət görürlər. Mobil cihazların ekranının mavi işığı beyində melatonin (yuxu gətirici) yaramasının qarşısını alır və diqqəti artırır.
Məlumata görə, rəngli eynəklər bu işıq spektrinin qarşısını alır. Bu, yuxusuzluqdan əziyyət çəkən 14 insanın üzərində aparılan eksperimentlə sübut olunub. Onlar yatmazdan əvvəl, yeddi axşam ard-arda və iki saat müddətində həm adi şüşədən olan, həm də rəngli eynəklərdən istifadə ediblər. Dörd həftə sonra hər şey təkrar olunub, lakin könüllülərin eynəkləri dəyişdirilib. Bununla yuxunun keyfiyyəti və müddəti qeydə alınıb.
Müəyyən edilib ki, rəngli eynəklər təxminən 30 dəqiqəlik əlavə yuxu təmin edir. Könüllülər də yuxunun müddəti və dərinliyinin artdığını, keyfiyyətinin yaxşılaşdığını təsdiq ediblər. Ümumilikdə, onlar yuxusuzluqla bağlı vəziyyətlərinin yaxşılaşdığı qənaətindədir. Yeri gəlmişkən, rəngli linzalar könüllülərin göz təzyiqinin azalmasına da kömək edib.