LDU-da “Zərərli vərdişlərlə mübarizə usulları” ilə bağlı təlim keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) tələbə gənclərin zərərli vərdişlərdən qorunması istiqamətində aparılan profilaktiki işlərin davamı olaraq növbəti təlim keçirilib.
Respublika Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Əməkdaşlıq Sazişi çərçivəsində keçirtdiyi "Zərərli vərdişlərlə mübarizə usulları” ilə adlı təlimdə İSİM-in həkim-metodisti Şəhla Mİrzəzadə təqdimatla çıxış edib. Tütündən, qəlyandan istifadə, narkomaniya, QİÇS xəstəlikləri, gənclər arasında bu xəstəliklərin yayılma təhlükəsi və yolları, virusdan qorunmanın əsas həlli istiqamətləri haqqında ətraflı məlumat verən təlimçi profilaktik maarifləndirmə işlərinin vacibliyini önə çəkib, gəncləri dövrün sosial bəlalarına qarşı aktiv mübarizəyə səsləyib.
Nümayiş etdirilən viderolikdə zərərli vərdişlərin yaratdığı fəsadların dəhşətli nəticələrindən bəhs edilib. Bu vərdişlərin mənfi nəticələrini real faktlar əsasında şərh edən mütəxəssis narkomaniya, QİÇS-ə yoluxmuş insanların immun-müdafiə sisteminin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulma və bu xəstəliklərin də ölümlə nəticələnməsi halları baş verdiyini bildirib və slaydlar vasitəsi ilə zala nümayiş etdirib. Tütün, qəlyan, narkotik vasitələrdən istifadənin ağrılı nəticələrinə həsr olunan təlimdə həkim Şəhla Mirzəzadə gənclərə onlardan qorunmaq yolları barədə də ətraflı bilgi verib. Sonda təlimçi audiotoriyanı maraqlandıran sualları cavablandırıb.